Xəbərlər arxivi

           
                           
                               SOCAR-ın birinci vitse prezidenti Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimatı keçirilmişdir
<br><br>GalleryVideo                            
                           
                               
                               
                                   12 Yanvar 2015                                                                    

SOCAR-ın birinci vitse prezidenti Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimatı keçirilmişdir

                               
                               

Yanvarın 9-da Nizami Kino Mərkəzində Azərbaycan neft və qaz sənayesinin patriarxlarından biri-görkəmli neftçi-alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Rusiya beynəlxalq Mühəndislər Akademiyasının Fəxri akademiki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər. Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabı əsasında çəkilmiş ikihissəli bədii-sənədli film Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilmişdir.

Filmin leytmotivini Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsində əvəzsiz rol oynamış akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətinin Azərbaycan neft epopeyasının ayrılmaz hissəsi olması təşkil edir. “Fədakar” filmində bu şərəfli ömrün maraqlı anları neft-qaz sənayesinin inkişafı ilə vəhdət şəklində xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınmışdır.

Film fədakar bir insanın ömür kitabını vərəqləyir, həyatının bütün eniş-yoxuşlarına işıq salaraq, fədakarlığın, zəhmətin nəyə qadir olduğunu tamaşaçıya bir daha sübut edir, düzgün, halallıqla yaşayan, ucaldıqca sadələşən, təkəbbürdən uzaq olan, seçdiyi peşəni daha da şöhrətləndirən bir insanın timsalında örnək verir. Filmdə görkəmli geoloq alimin neft sənayesinin inkişafına verdiyi töhfələr, yeni neft-qaz yataqlarının kəşf olunmasında xidmətləri bir daha diqqətə çatdırılmışdır.

Böyük maraqla qarşılanan filmin təqdimatından sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Fədakar” sənədli-bədii filminin yaradıcı heyətini təbrik etmiş, təəssüratlarını bölüşmüşdür. O, neftçilərin ağsaqqalı Xoşbəxt Yusifzadənin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının həyata keçirilməsində göstərdiyi xidmətlərdən danışmışdır. Rövnəq Abdullayev korifey neftçinin 85 illik yubileyinin Azərbaycan neft-qaz sənayesi işçiləri üçün əlamətdar hadisə olduğunu söyləmiş, onu səmimiyyətlə təbrik etmiş, ona uzun ömür, cansağlığı arzulamışdır.

Sonra filmin yaradıcı heyətinə SOCAR-ın fəxri fərmanları təqdim edilmışdır.

Bütün iştirakçılara minnətdarlığını bildirən filmin qəhrəmanı Xoşbəxt Yusifzadə vurğulamışdır ki, bu ekran əsərində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən səslənən dəyərli fikirlər əslində bütün neftçilərə ünvanlanıb. Bu, ölkəmizdə neftçilərin əməyinə verilən qiymətin göstəricisidir. X.Yusifzadə filmin böyük bacarıq və zəhmətin bəhrəsi olduğunu, “Xoşbəxti xoşbəxt kimi göstərdiyini” vurğulamışdır.

Sonda iştirakçılara filmin diski təqdim olunmuşdur.

Qeyd edək ki, ssenari müəllifi Eldar İskəndərzadə olan filmdə obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırmışlar. Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, baş məsləhətçisi Xalik Məmmədovdur.