Xəbərlər arxivi

           
                           
                               SOCAR-da Rumıniya nümayəndə heyəti ilə görüş keçirilmişdirGallery                            
                           
                               
                               
                                   27 Fevral 2020                                                                    

SOCAR-da Rumıniya nümayəndə heyəti ilə görüş keçirilmişdir

                               
                               

Fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ''Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Niculae Havriletin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Rumıniyanın Transqaz Şirkətinin rəhbərliyi, müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələri və bu ölkənin Azərbaycandakı səfiri iştirak etmişlər. Görüşdə Azərbaycan qazının yaxın zamanlarda Cənub Qaz Dəhlizi vasitəsilə ilk dəfə Avropa bazarlarına çatdırılacağı vurğulanmış, qazın interkonnektorlar vasitəsilə Rumıniya bazarlarına nəqli məsələsi müzakirə olunmuşdur. Azərbaycan qazının BRUA kəməri ilə Rumıniya üzərindən keçməklə Avropanın müxtəlif qaz bazarlarına daşınması perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Rumıniyanın Milli Qaz Ötürücü Şirkəti, ''TRANSGAZ'' S.A. Rumıniya hökuməti tərəfindən 2000-ci ildə yaradılmışdır və ticarət səhmdar cəmiyyəti olaraq fəaliyyət göstərir. Əsas fəaliyyəti yerli və beynəlxalq tranzit və təbii qaz dispetçerliyindən ibarətdir.

2019-cu ilin oktyabrında SOCAR Rumıniyanın digəri şirkəti “S.N.G.N. Romgaz S.A.” ilə geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamışdır. Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı “S.N.G.N. Romgaz” şirkətinin aktivlərinin 70%-i dövlətə məxsusdur. “Romqaz” təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğuldur.

Hazırda SOCAR Rumıniya bazarında yanacaqdoldurma məntəqələrinin operatoru olan “SOCAR PETROLEUM SA Rumıniya” şirkəti ilə təmsil olunur. SOCAR-ın 2011-ci ildə təsis edilmiş bu törəmə şirkəti hazırda Ruminiyada “SOCAR” brendi altında 40-dan çox premium səviyyəli yanacagdoldurma məntəqəsinə malikdir.