Xəbərlər arxivi

           
                           
                               Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın təşəbbüsü və sərmayəsi ilə qazpaylayıcı xətt çəkildi - yenilənibGallery                            
                           
                               
                               
                                   27 Sentyabr 2019                                                                    

Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın təşəbbüsü və sərmayəsi ilə qazpaylayıcı xətt çəkildi - yenilənib

                               
                               

• SOCAR prezidenti Gürcüstanın Baş Naziri ilə görüşmüşdür

• Marneuli bələdiyyəsinin Xancığazlı və Kaspi bələdiyyəsinin Niqoza kəndlərində qazpaylayıcı kəmərlərin açılışı olmuşdur

• Niqoza kəndinə dövlət sifarişi əsasında qazpaylayıcı xəttin inşası tamamlanmışdır

• Etnik azərbaycanlıların yaşadığı Xancığazlı kəndində isə SOCAR öz sərmayəsi və təşəbbüsü ilə qaz xətti inşa edərək istismara vermişdir SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunmuşdur.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Prezidentinin Kvemo-Kartli vilyaətində səlahiyyətli nümayəndəsi Şota Rexviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin təntənəli açılış mərasimi keçirilmişdir.

Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilmiş və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılmışdır. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə etmişdir. 86 ailənin evi artıq qazlaşdırılmışdır. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Daha sonra SOCAR-ın rəhbərliyi Marneuli rayonunun ağsaqqalları və yerli icma nümayəndələri ilə görüşüb. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layilər barədə müzakirə aparılıb, Gürcüstanın Azərbaycan icmasının sosial problemləri, o cümlədən qonşu ölkədə təhsil alan yerli azərbaycanlıların təhsil sahəsində üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açılıb, ağsaqqalların təklifləri dinlənilib.

Həmin gün Kaspi bələdiyyəsinin Niqoza kəndində də yeni qazpaylayıcı boru kəmərinin açılışı olmuşdur. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstan Qaz Nəqliyyat Şirkətinin baş direktoru Caba Xmaladze, Şida Kartli vilayətinin qubernatoru Giorgi Xocevanişvili, Kaspi bələdiyyəsinin rəhbəri Manuçar Merebaşvili, ”SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi iştirak etmişlər.

Məlumat verilmişdir ki, Niqoza kəndindəki qazpaylayıcı xətt Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilmişdir. Uzunluğu 3 min metrdən artıq olan şəbəkənin istismarı “SOCAR Georgia Gas” tərəfindən həyata keçiriləcəkdir. Görülən işlər nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunmuşdur. Hazırda Şida Kartli regionunda 89 300 ailə təbii qazdan istifadə edir.

2009-cu ildən etibarən “SOCAR Georgia Gas” şirkəti ümumilikdə11 500 kilometrə yaxın qazpaylayıcı xəttin çəkilişini həyata keçirmişdir ki, bu da 305 mindən artıq potensial abonentə şəbəkəyə qoşulma imkanı vermişdir. Dövlət proqramı əsasında həyata keçirilən qazlaşdırma layihəsi Gürcüstan Qaz Nəqliyyat Şirkətinin müəyyən etdiyi bölgələrdə və qurumun sifarişi əsasında həyata keçirilir. Bununla yanaşı SOCAR da, əlavə olaraq, öz investisiya proqramı çərçivəsində 700-dən çox yaşayış məntəqəsində, o cümlədən etnik azərbaycanlıların sıx yaşadığı ərazilərdə qazpaylayıcı şəbəkəni genişləndirir.