Xəbərlər arxivi

           
                           
                               SOCAR-ın prezidenti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşübGallery                            
                           
                               
                               
                                   18 Sentyabr 2019                                                                    

SOCAR-ın prezidenti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

                               
                               

Sentyabrın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan və SOCAR-ın bölgədə başlıca enerji təchizatçısı olduğu qeyd edilmiş, Gürcüstana qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunmuşdur. Azərbaycan və SOCAR-ın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, “Şahdəniz-2” kimi layihələrin regional və qlobal əhəmiyyəti vurğulanmış, bu layihələrin sona yaxınlaşmasından və uğurlu təcrübəsindən bəhs edilmişdir. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Turnava SOCAR-ın Gürcüstanda qazpaylama şəbəkəsinin operatoru kimi uğurlu fəaliyyətindən ətraflı söz açmış, əməkdaşlığın perspektivlərindən danışmışdır. Görüşdə Gürcüstan hökumətinin müəyyən etdiyi bazar şərtləri çərçivəsində SOCAR-ın bu ölkədə dayanıqlı fəaliyyətinin təmin olunması, qoyulan sərmayələrin dəyərinin Azərbaycana qayıtması şərti ilə qarşılıqlı faydalı, optimal və effektli tərəfdaşlıq düsturu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, SOCAR Gürcüstan bazarında 2006-cı ildən birbaşa fəaliyyət göstərir. Həmin il neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə alınmış Kulevi Neft Terminalı və limanı əməliyyat fəaliyyətinə 2008-ci ildə başlamışdır. İndiyədək terminaldan 23 milyon tondan artıq neft və neft məhsulu ötürülmüşdür. Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC 113 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir. Hazırda şirkətdə təxminən 1500 işçi çalışır. “SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir.