Xəbərlər arxivi

           
                           
                               Bakı şəhərində ikinci CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olmuşdurGallery                            
                           
                               
                               
                                   17 Avqust 2018                                                                    

Bakı şəhərində ikinci CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olmuşdur

                               
                               

Avqustun 17-də Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən SOCAR brendli ikinci sıxılmış təbii qaz (STQ -beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olmuşdur. Bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatmışdır. SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsmiş, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulamışdır. Tədbirdə qeyd olunmuşdur ki, ikinci sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda ölkəmizdə 2,6 trilyon m3 təsdiqlənmiş və 7 trilyon m3 potensial qaz ehtiyatı mövcuddur. SOCAR ölkəmizdə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa Birliyi dövlətlərinə nəql edilməsi məqsədi daşıyan möhtəşəm Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə, dünyada enerji mənbələrinin diversifikasiyasına, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

SOCAR-ın prezidenti R.Abdullayev eyni zamanda qeyd etmişdir ki, “Azərbaycan vətəndaşlarının, yanacaq istehlakçılarının daha səmərəli qaz yanacaqları ilə təchiz olunması daim diqqət mərkəzindədir. Təbii qazın hasilatı və nəqli istiqamətində qazanılan nailiyyətlər bizi ölkə daxilində sıxılmış təbii qaz məntəqələri şəbəkəsinin qurulması layihəsini həyata keçirməyə ruhlandırır. Qeyd etmək istəyirəm ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır. STQ benzinə görə karbon monoksid qazını 80% daha az emissiya edir. Bu layihəni həyata keçirməklə SOCAR ölkə ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir”.

Daha sonra SOCAR prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olmuşlar. Bildirilmişdir ki, yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan 5 yanacaqpaylayıcı kalonka quraşdırılmışdir ki, onlardan 2-si STQ satışını həyata keçirəcəkdir. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. YDM-də nağdsız satış üçün POS-terminallar, “SOCAR” yanacaq kartı, “ASAN”, “E-manat” ödəniş terminalları, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilmişdir. Məntəqədə 30 nəfər işçi çalışır.

Tədbirin sonunda SOCAR prezidenti Rövnəq Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, əməkdaşlara uğurlar arzulamışdır.



KİV üçün məlumat :



Dünyada STQ ilə işləyən nəqliyyat vasitələrinin sayı 26 milyondan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.



Qrafik 1. Dünyada STQ ilə işləyən avtomobillərinin ən çox olduğu ölkələr





Mənbə: http://www.iangv.org/current-ngv-stats/


Bunun da səbəbləri aydındır.
Əvvəla, STQ benzin və dizellə müqayisədə xeyli ucuzdur. Xüsusilə Şimali Amerikada şist qazı hasilatının artması qlobal miqyasda STQ qiymətlərini aşağı salmışdır. Hesablamalara görə, STQ avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.

Cənubi Koreya, Yaponiya və Hindistan kimi ölkələrdə ətraf mühitin qorunması məqsədilə ictimai nəqliyyatda əsasən STQ ilə işləyən nəqliyyat vasitələrindən istifadə edilir. Dolaysıyla, ucuz, təmiz və ekoloji cəhətdən əlverişli olması qlobal miqyasda STQ tələbatının artmasına səbəb olur. 2017-ci ildə qlobal CNG (STQ) bazarının dəyəri 76,3 milyard ABŞ dolları təşkil edib və bu miqdarın 2020-ci ildə 130 milyard ABŞ dolları, 2025-ci ildə 316 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. CNG istifadəsi baxımından dünyada ən böyük bazarlardan biri də Avropa bazarıdır. Avropada CNG istehlakının artmasının ən böyük səbəbi ətraf mühit göstərilməkdədir. Belə ki, Avropa İttifaqı ətraf mühiti qorumaq məqsədilə karbon emissiyasını 2020-ci ilə qədər (1990-cı il ilə müqayisədə) 20%, 2030-cu ilə qədər isə 40% azaltmağı planlaşdırır. Avropada hazırda 1 milyon 316 min CNG avtomobili mövcuddur. Avropa bu rəqəmi 2030-cu ilə qədər 15 milyona çatdırmağı planlayır. (Bu da, növbəti 10 il üçün 11 dəfədən çox artım deməkdir). CNG avtomobillərinin sayına görə İtaliya Avropada ilk sırada, Almaniya isə ikinci sırada qərarlaşır. Belə ki, İtaliyada 1 milyondan çox CNG avtomobilləri mövcuddur. Bu da, Avropada mövcud olan CNG avtomobillərinin təqribən 76%-ni təşkil edir. Hazırda İtaliyda istehlak edilən təbii qazın təqribən 1,3%-i sıxılmış təbii qazdan meydana gəlir. İtaliya növbəti 10 ildə CNG avtomobillərinin sayını 3 dəfə daha artırmağı planlaşdırır.

Azərbaycanda da “SOCAR PETROLEUM” QSC tərəfindən bu layihənin sürətlə davam etdirilməsi nəzərdə tutulur. Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd STQ məntəqəsi istehlakçılara təhvil veriləcək. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.