Xəbərlər arxivi

           
                           
                               SOCAR-la “DeGolyer and MacNaughton” şirkəti arasında müqavilə imzalanmışdırGallery                            
                           
                               
                               
                                   3 Noyabr 2017                                                                    

SOCAR-la “DeGolyer and MacNaughton” şirkəti arasında müqavilə imzalanmışdır

                               
                               

Noyabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan R.Abdullayev SOCAR-ın layihələrindən söhbət açmış, hər zaman müasir texnologiyaların tətbiqində maraqlı olduqlarını bildirmişdir. Səmimi qəbula görə təşəkkürünü bildirən “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villas dünya neft sənayesinin inkişafında Azərbaycan neftçilərinin xüsusi yer tutduğunu qeyd edərək, SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır.

Sonra SOCAR və “DeGolyer and MacNaughton” (ABŞ) şirkəti arasında “Yataqların işlənmə prosesinin səmərəliyini və SOCAR-ın neft-qaz yataqlarında hasilatı artırmaq üçün təhlil və texniki dəstək” üzrə müqavilənin imzalanma mərasimi keşirilmişdir. Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “DeGolyer and MacNaughton” şirkətinin baş vitse-prezidenti Martin Çarls Vieviorovski imzalamışlar. Müqaviləyə əsasən “DeGolyer and MacNaughton” şirkəti SOCAR-ın mövcud və uzun müddət istismar olunan yataqlarında neft və qaz obyektlərinin səmərəli idarə olunması istiqamətində xidmətləri yerinə yetirəcəkdir. Bu məqsədlə ABŞ şirkəti 20 yataq üzrə işlənmə planlarını təhlil edəcək, hasilat səviyyəsini və neftvermə əmsalını yüksəltmək, neftçıxarma xərclərini azaltmaq, təcili strateji hədəfləri müəyyən etmək üçün tövsiyələr hazırlayacaq və həyata keçirilməsində iştirak edəcəkdir.

Tədbirdə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov iştirak etmişlər.

Xatırladaq ki, dünyada neft və qaz sektorunda qabaqcıl sevris xidmətləri göstərən şirkət kimi tanınmış “DeGolyer and MacNaughton” 1936-ci ildə təsis edilmişdir. Şirkətin əksər mütəxəssisləri dünyanın qabaqcıl upstrim şirkətlərində, eləcə də kiçik və orta miqyaslı müstəqil şirkətlərdə təcrübə keçmiş peşəkarlardırlar. Şirkət Rusiyanın və Qazaxstanın onlarla yatağında müvafiq işləri yerinə yetirmiş və müsbət nəticələrə nail olmuşdur.