Xəbərlər arxivi

18 Yanvar 2021

SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub

+

Yanvarın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib. Görüşdə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev, Qarabağın azadlığı uğrunda Azərbaycanın haqq mübarizəsində Türk xalqlarının Azərbaycanın yanında olduğunu bildirmişdir. Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Türk Şurasının sədri olduğu qeyd edərək, Azərbaycanın Türk Şurasının işində vacib rol oynadığını və Azərbaycan Prezidentinin hazırda türkdilli xalqlar arasında çox populyar şəxs olduğunu xüsusi qeyd etmişdir. Qonaq həmçinin Türkdilli ölkələrin işğaldan azad edilmiş Qarabağın bərpası prosesində birgə fəaliyyətinin zərurətindən söz açmışdır.



SOCAR-ın prezidenti Rövnəq Abdullayev türkdilli ölkələr arasında birliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs etmiş, SOCAR-ın bu işə töhfələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda SOCAR-ın əməliyyatları Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Bu iqtisadi əməkdaşlığın təməli Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası ilə qoyulmuş, neft ixracının qərbə istiqamətləndirilməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da sıx bağlamışdır.



SOCAR-ın prezidenti həmçinin digər türkdilli dövlətlərlə də iqtisadi əlaqələrin inkişafından söhbət açmışdır. O qeyd etmişdir ki, SOCAR-la əməkdaşlıq çərçivəsində Qazaxıstanın “Kazmunayqaz” şirkətinin “Sətti” qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunmuşdur. Türkmənistanla neft-qaz ticarəti istiqamətində əməkdaşlıq genişlənməkdədir. Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə kəşfiyyat istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Türk Şurasının fəal üzvü olan Macarıstanın MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində paya malikdir. Qeyd olunmuşdur ki, SOCAR son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə lokal şirkətdən qlobal şirkətə çevrilmiş və iqtisadi əməkdaşlıq coğrafiyasını genişləndirmişdir. Görüşdə gələcəkdə türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırlması, həmçinin futbol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.



Görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak etmişdir.

18 Yanvar 2021

2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri

+

2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qaldı. SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirləndi. Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaltdı. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələndi. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail oldu. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır.

2020-ci ildə SOCAR üzrə 56 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Şirkət müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton2 neft, 7,3 milyard kubmetr3 qaz hasil edib. Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4% artaraq, 37,1 milyard kubmetrə4 çatıb. Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton5 xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olmuşdur.

2020-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara 17,9 milyon ton6 xam neft ixrac edilib. Nəzərə çatdırmaq lazımdır ki, şirkətimiz öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payını da ixrac edir.

İl ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr7 təbii qaz istehlak olunub. Azərbaycan təbii qazının ixracatı isə 16% artırılaraq, 13,4 milyard kubmetrə8 çatmışdır9. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmiş, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanmışdır.

Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 5,9 milyon ton10 neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr11 qaz emal edilmişdir. Neft məhsullarına tələbatın azalması ilə əlaqədar neft emalında müşahidə olunan nisbi azalma müqabilində qaz emalında 17%-dən çox artım baş vermişdir.

İl ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton12 təşkil edib. “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton13 polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58% çoxdur. Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir. Qeyd etmək lazımdır ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olmuşdur. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılmışdır.

Diqqət çəkən məqamlardan biri də budur ki, il ərzində 125 min ton14 neft bitumu ixrac edilmişdir və bu, 2019-cu illə müqayisədə 10,4 dəfə artım deməkdir. Məlum olduğu kimi, son onillikdə bitum, əsasən daxili bazarın tələbatına yönləndirilirdi. 2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlamışdır.



Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.



155.906 metr

27.407.206 ton

37.344.012.000 kubmetr

437.140.900.000 kubmetr

534.538.848 ton

6 17.878.048 ton

7 11.955.648.000 kubmetr

813.396.000.000 kubmetr

9Təbii qazın ümumi ixracı operativ rəqəmlər əsasında hesablanıb və dəqiqləşdirmə aparılandan sonra cüzi dəyişə bilər.

10 5.874.090 ton

11 3.762.990.000 kubmetr

12 2.409.442 ton

13 132.542 ton

14125.418 ton