Xəbərlər arxivi

10 Avqust 2020

Prezident İlham Əliyev Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verdi

+

Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verildi. Dayaq bloku Qarabağ yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Əvvəlcə dövlətimizin başçısına Qarabağ dayaq blokunun tikintisindən bəhs edən film nümayiş olundu. Azərbaycan Respublikasının Prezidentinə məlumat verildi ki, Qarabağ layihəsi üzrə hazırlanmış dayaq bloku, SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə hazırlanmış ən böyük sualtı konstruksiyadır. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. Tikinti zamanı əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunub, heç bir bədbəxt hadisə baş verməyib. Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Qeyd olunmuşdur ki, dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. Dayaq Blokunda perimeter üzrə gediş yolları quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dayaq Blokunda görülmüş işlərlə tanış olmuş, Dayaq Blokunun Qarabağ yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacağına əminliyini ifadə etmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti Dayaq Blokunun “STB-1” daşıma barjına yüklənməsini bildirən düyməni işə salmışdır.



Redaktorlar üçün qeyd:

“Qarabağ” yatağı Xəzər Dənizində, Cənub Xəzər Hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində Bakı şəhərindən 110-130 km məsafədə, Neft Daşları və Günəşli Yataqlarından isə 20-25 km aralıda yerləşir. “Qarabağ” yatağının strukturu 1978-1984-cü illərdə aparılan seysmik kəşfiyyat işlərinin nəticəsində müəyyən olunaraq, 1984-cü ildə strukturlar fonduna daxil edilmişdir. Yataqda 1997-98-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti (CİPCO) konsorsiumu tərəfindən qazma işləri aparılmışdır. 2020-ci ildə SOCAR və Equinor şirkətinin birgə qazma əməliyyatı vasitəsi ilə məhz neft yatağı kimi kəşf edilmişdir. Qarabağ yatağı 60 milyon ton neft ehtiyatına malikdir.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) 20-ci əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qərar qəbul etdi. 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı.

1984-cü ildə tikilib istifadəyə verilmiş və ildə 60.000 ton metal-konstruksiya istehsal etmək qabiliyyətinə malik olan zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayəyə çevrildi. Zavod işə salınandan sonra Azərbaycan SSR dənizin 200 m dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu əfsanəvi “Əsrin Müqaviləsi”nin bağlanılması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. “Əsrin Müqaviləsini” imzalamazdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraşdırmışdı. 1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olan Petrofac, McDermott, Caspian Shipyard Company LTD, Star Gulf FZCO və British Petroleum (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.

BDÖZ-ün güclü istehsalat qabiliyyəti BOS Şelf şirkətinin gələcək uğurlarının əsas elementinə çevrildi. Zavodun infrastrukturundan istifadə etməklə BOS Şelf iri layihələrin həyata keçirilməsinə başladı. BDÖZ-ün operatoruna çevrildikdən sonra BOS Şelf zavodda yenidənqurma işlərinə start verdi. SOCAR-ın BOS Şelf şirkətinin idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir.

7 Avqust 2020

SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi

+

Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbər şurasının üzvlərinin SOCAR Tower-də iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 avqust 2020-ci il tarixində Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri və o cümlədən, SOCAR barədə səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi və dəstəyi ilə son 15 ildə SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilmiş, qlobal və regional əhəmiyyətli bir çox meqa-layihələri həyata keçirməyə nail olmuşdur. Hazırkı dövrdə inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmağın və koorparativ idarəetmə sistemini təkmilləşdirməyin əhəmiyyəti vurğulanıb. Effektli bazar iqtisadiyyatı modelini əsas götürərək, müasir rəqəmsal şirkətə transformasiyamız bundan sonra daha da sürətlənməsi, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb.

Hələ bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır. Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır. Bunun üçün idarəetmə modelinin bütövlükdə təkmilləşdirilməsi, funksional idarəetməni mərkəzləşdirməklə yanaşı, əməliyyatlarımızın çevikliyinə nail olunması, ən əsası da bürokratik proseslərin sadələşdirilməsi mütləq şərtdir. SOCAR artıq bir müddətdir ki, bu istiqamətdə irəliləyir və indi, cənab Prezidentin haqlı iradlarını əsas götürərək, atdığı addımları daha da sürətləndirmək əzmindədir.

6 Avqust 2020

SOCAR AVIATION Milas-Bodrum hava limanında yanacaq tədarükünü öz obyektindən həyata keçirəcək

+

YENİ OBYEKTDƏ İLK YANACAQ DOLDURULMASINI TÜRK HAVA YOLLARI GERÇƏKLƏŞDİRDİ

Türkiyə hava nəqliyyatı sektorunun yanacaq ehtiyacını təmin edən ən böyük üç şirkətdən biri olan SOCAR AVIATION Milas-Bodrum hava limanında öz yanacaqdoldurma məntəqəsini istismara verdi. Bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır. Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin tədricən ölkənin hava nəqliyyatı sektoru ilə birlikdə genişlənən markası SOCAR AVIATION Muğlada yerləşən Milas-Bodrum hava limanında yanacaq təchizatını artıq öz obyektindən həyata keçirəcək. “SOCAR Türkiyə” Dövlət Hava Limanları İdarəçiliyi (DHMİ) tərəfindən elan ediən tenderdə SOCAR AVIATION markası ile qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib. Obyektdən ilk yanacaq təchizatı 21 iyul 2020-ci il tarixində Türk Hava Yollarına (THY) gerçəkləşdirilib. .



İLDƏ 3000 TƏYYARƏ YANACAQLA TƏCHİZ EDİLƏCƏK

“SOCARTürkiyə” Milas-Bodrumdakı yanacaqdoldurma məntəqəsi ilə hava nəqliyyatı sahəsində ilk yanacaqdoldurma obyektini işə salmış oldu. SOCAR AVIATION şirkətinin Milas-Bodrumdakı təchizat obyekti yenidənqurma və qeydiyyat prosedurlarından sonra Enerji Bazarında Nizamlama Qurumunun lisenziyasını almışdır. Bu obyektdə 1.500 kubmetr tutumuna malik 3 təyyarə yanacağı sisterni yerləşir. Ümumilikdə 4.105 kvadrat metr sahəni əhatə edən obyekt mövcud infrastrukturu ilə ildə 70 min kubmetr yanacaqdoldurma potensialına malikdir ki, bu da hava limanının ümumi istehlakının yarısına bərabər olmaqla ildə təxminən 3000 təyyarəni yanacaqla təchiz etməyə imkan verir.



NÖVBƏDƏ ADNAN MENDERES HAVA LİMANI VAR

2013-cü ildən hava nəqliyyatı sahəsində yanacaqdoldurma xidməti göstətən SOCAR AVIATION bir neçə hava limanının tədarükçüsü rolunu yerinə yetirir və Milas-Bodrum ilə yanaşı İstanbul, Sabiha Gökçen, Adnan Menderes, Antalya və Dalaman hava limanlarının da yanacaq ehtiyaclarını təmin edir. Yanacaq təchizatı sahəsində investisiyalarını davam etdirən SOCAR AVIATION, gələcəkdə İzmir hava limanında da yanacaqdoldurma məntəqəsini işə salmağı planlaşdırır. “SOCAR Türkiyə”nin enerji zəncirinin bütün həlqələrini əhatə edən inteqrə olunmuş sturkturu sayəsində SOCAR AVIATION şirkəti artıq STAR neft emalı zavodunun da təyyarə yanacağı istehsalı imkanından yararlanaraq, Türkiyə hava nəqliyyatı sektoruna yüksək keyfiyyətli xidmət göstərmək üçün səylərini davam etdirir.