Xəbərlər arxivi

30 Iyun 2020

SOCAR-ın 2019-cu il üzrə maliyyə göstəriciləri

+

• Xalis mənfəət - 651 milyon manat

• Uzunmüddətli aktivlər - 46,2 milyard manat

• Nağd pul vəsaitləri - 7,1 milyard manat

• SOCAR-ın cari aktiv və cari öhdəliklərində 1%-dən aşağı nisbətdə cüzi azalma qeydə alınıb SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlamışdır. Hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil etmişdir. Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılmışdır. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınmış, bunun da 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşmüşdür.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam etmiş, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil etmişdir.

2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunmuşdur. Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınmışdır ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.

SOCAR 2019-cu ili mənfəətlə başa vurmuşdur. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil etmişdir. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olmuşdur. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olmuş, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlmişdir.

Ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: SOCAR Polymer şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.

Qeyd edək ki, şirkətin 31.12.2019-cu il tarixinə hazırlanmış maliyyə hesabatları, əvvəlki illərdə olduğu kimi, nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur. SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına bu keçiddə baxa bilərsiniz.

17 Iyun 2020

Almaniya səfiri ilə görüş olmuşdur

+

İyunun 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul etmişdir. Rövnəq Abdullayev hazırkı qlobal pandemiya dövründə Azərbaycanın neft-qaz, neft kimya sənayesində işlərin gedişi haqqında danışmış, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd etmişdir. Səfir Volfqanq Maniq Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığından söz açaraq, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də Uniper (E.ON) şirkəti arasında uzunmüddətli, səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulamışdır. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolunu qeyd edən səfir ölkəsindəki bir sıra şirkətlərin reallaşdırlması nəzərdə tutulan SOCAR-ın qaz emalı kompleksi layihəsinə xüsusi maraq göstərdiklərini bildirmiş, COVİD-19 pandemiyası başa çatdıqdan sonra həmin şirkətlərin rəhbərlərinin Azərbaycana işgüzar səfərinin təşkil edilməsində maraqlı olduqlarını söyləmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

11 Iyun 2020

SOCAR-da işçilərin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətin idarə edilməsi sisteminin təşkili üzrə islahatlara start verildi

+

İyunun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) və Keyfiyyətin İdarə Edilməsi Sisteminin təşkilinə dair onlayn müşavirə keçirilmişdir. Rövnəq Abdullayev korporativ idarəetmə sistemində aparılan islahatlardan bəhs etmiş, beynəlxalq neft-qaz şirkətlərinin qabaqcıl təcrübələrini SOCAR-da tətbiq etməklə, istehsalatda insan itkilərinə yol verməmək və əməyin mühafizəsinin maksimum səviyyədə gücləndirilməsinə çalışmağın bütün dövrlərdə ən vacib məsələ olduğunu vurğulamışdır. COVİD-19 pandemiyası dövründə işçilərin sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də pandemiyanın bütün dünyada yaratdığı iqtisadi tənəzzül fonunda əməliyyat effektivliyinin daha da artırılması kimi çağırışlar şirkətdə köklü islahatların zərurətini daha da aktuallaşdırmışdır.

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı çıxış etmiş, bildirmişdir ki, SƏTƏMM və Keyfiyyət üzrə korporativ siyasət sənədi və standartlar hazırlanmışdır. Əsas məqsəd şirkətin bütün müəssisələrində və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqündə ən yüksək prioritet kimi bərqərar etməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (IOGP) üzvü kimi SOCAR bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələri öz əməliyyatlarında da geniş tətbiq etməyə başlamışdır. Şirkət üzrə “Bizi Qoruyan Qaydalar toplusu” və Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi (SOİMS) kimi daxili təlimatlar hazırlanmışdır. SOCAR-da SƏTƏMM və Keyfiyyət üzrə hazırlanmış yol xəritələri neft və qaz sənayesində tanınmış beynəlxalq APİ Q1 və Q2 standartlarına uyğun sertifikatların alınmasına köməklik edəcəkdir. Beləliklə, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində, insanların həyat və sağlamlığının qorunması, və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyi də artırılacaqdır.

Aparılan islahatlar qabaqcıl beynəlxalq təcrübələrin mənimsənilməsi ilə yanaşı, vahid korporativ siyasət çərçivəsində şirkətin bütün müəssisələrində SƏTƏMM və keyfiyyət standartlarının mərkəzləşdirilmiş və vahid formatda tətbiqini təmin edəcəkdir. Risk potensialı olan fəaliyyətlərdə tətbiq edilən işə İcazə Vərəqələri SOCAR-ın bütün müəssisələrində artıq mərkəzləşdirilib və vahid standart halına gətirilmişdir ki, bu da istehsalat risklərinin daha effektivli idarə olunması baxımından ən önəmli şərtlərdən biridir. Yaxın müddətdə İşə İcazə Vərəqələrinin SOCAR-ın rəqəmsal qolu olan CİC şirkəti ilə birgə rəqamsallaşdırılması nəzərdə tutulmuşdur.

Onlayn müşavirəyə 200-ə yaxın idarə və müəssisə rəhbərləri, digər rəsmi şəxslər qoşulmuşlar. Müşavirədə təqdimatlar edilmiş və iştirakçılar tərfindən müzakirələr aparılmışıdır.

Müşavirənin sonunda SOCAR-ın prezidenti Rövnəq Abdullayev SƏTƏMM və Keyfiyyət siyasəti üzrə sənədləri imzalamışdır.

4 Iyun 2020

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

+

Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBKŞ) elan edir ki, 20 mart 2020-ci il tarixindən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçib. Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir. Texniki operatorluğun SOCAR-a keçməsi, Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış “Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə” uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulmuşdur.

Texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə bp şirkəti ümumi operator qismində davam etdirəcək. Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu bp şirkəti icra etməkdə davam edəcək.

Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və bp 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “2015-ci ildən bəri biz Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoruyuq və kəmərin bütün kommersiya əməliyyatlarıni yüksək səviyyədə həyata keçirmişik. İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür.

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik.”

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyət hissi ilə qarşılayırıq. Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.

Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.

Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək.”