Xəbərlər arxivi

15 May 2020

SOCAR-ın prezidenti CDC şirkətinin karantin düşərgəsi ilə tanış olmuşdur

+

Mayın 15-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Caspian Drilinq Compani Limited” MMC (CDC) tərəfindən koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən proflaktik tədbirlərlə tanış olmaq üçün bu şirkətin müasir dəniz təchizat bazasında təşkil olunmuş karantin düşərgəsində olmuşlar. Əsas payı SOCAR-a məxsus olan CDC qazma şirkəti xüsusi karantin düşərgəsi yaradaraq, yüksək peşəkarlğa malik qazma mütəxəssislərinin sağlamlığının qorunması və qazma əməliyyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmüşdür. Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın və TƏBİB-in müəyyən etdiyi qaydalara və təlimatlara uyğun həyata keçirilir. Düşərgədə əməkdaşların təhlükəsiz izolyasıyasını təmin etmək məqsədi ilə 160 nəfər işçinin hər biri üçün ayrıca istirahət otaqları inşa olunmuş və bütün otaqlar internet və peyk antenası ilə təchiz edilmişdir. Düşərgə bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını fasiləsiz növbə çəkir. Qurğularda çalışan əməkdaşlar əvvəlcə düşərgədə yerləşdirilir, karantin müddətini keçdikdən sonra COVID-19 üzrə test nəticələri mənfi olduqda onların qurğuya getməsinə icazə verilir.

“Caspian Drilinq Compani Limited” 1996-cı ildə yaradılmışdır. Heydər Əliyev, Dədə Qorqud və İstiqlal yarımdalma qurğuları ilə Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirir. Hazırda şirkət Qazaxıstandan gətirilmiş Sətti özüqalxan qazma qurğusunda moderinizasiya işlərini həyata keçirilir.

14 May 2020

SOCAR-ın prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

+

Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul etmişdir. Fransa şirkətləri ilə SOCAR-ın əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə səfir energetika sahəsinin Fransa və Azərbaycan arasında əməkdaşlığın əsas sütunlarından olduğunu qeyd etmiş, bu münasibətlərin səmərəli inkişafından məmnunluğunu bildirmişdir. Fransanın TOTAL şirkətinin “Abşeron” layihəsində SOCAR-la birlikdə iştirak etdiyi, bu layihənin uğurlu icrasının Fransa üçün də böyük əhəmiyyət daşıdığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, Covid-19 pandemiyası ilə əlaqədar bütün dünyada hökm sürən iqtisadi tənəzzülə baxmayaraq, “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur, işlər plan üzrə davam etdirilir. Yaxın müddətdə birinci fazanın işlənməsi çərçivəsində ilk məhsulun çıxarılması planlaşdırılır.

Görüşdə Fransanın digər şirkəti, mühəndislik sahəsində zəngin beynəlxalq təcrübəyə malik “Technip”in SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin moderinizasiyasında baş podratçı qismində iştirak etməsinə toxunulmuş, bu layihənin də qrafikə əsasən uğurla icra olunduğu bildirilmişdir. Səfir həmçinin SOCAR-ın dəstəyi ilə fəaliyyət göstərən Fransız litseyinin fəaliyyətindən söz açmış, təhsil müəssisəsini bir neçə dəfə ziyarət etdiyini söyləmiş və orada təhsil alan şagirdlərin valideynlərinin məmnunluğunu Rövnəq Abdullayevin diqqətinə çatdırmışdır. Tərəflər həmçinin ətraf mühitin qorunması ilə bağlı Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmiş, gələcək tərəfdaşlıq üçün uğurlu perspektiv vəd edən digər istiqamətlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.

5 May 2020

Ümid qaz-kondensat yatağında yeni quyunun qazılmasına start verildi

+

Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı Ümid-1 platformasında olmuş, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirmiş və yeni quyunun qazılmasına start vermişdir. Şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilmiş, qeyd edilmişdir ki, “Ümid'' yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacaq. Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq, istifadəyə verilmişdir.



SOCAR prezidentinin iştirakı ilə Ümid-1 platformasında yeni hasilat quyusunun qazılmasına start verilmişdir. Quyunun layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnistutu tərəfindən aparılmış, Böyük Britaniyanın məşhur Norwell mühəndislik şirkəti ilə razılaşdırılmışdır. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılmışdır. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcəkdir.

2010-cu ildə, Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan “Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılmışdır. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.

Qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılmışdır. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün gündəlik 24 milyon kubmetr ötürücü gücündə Daşgil-2 terminalı tikilir. Çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaqdır. Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir. Gələcəkdə “Babək” strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə Ümid-1 platformasına, oradan isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql edilməsi nəzərdə tutulmuşdur.

4 May 2020

Aparıcı neft şirkətləri Azərbaycanda ətraf mühitin qorunması üçün yeni təşəbbüsə qoşulub

+

SOCAR Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative - CEPI) adlı müstəqil regional təşkilatın yaradılması təklifi ilə çıxış etmişdir. Təşəbbüsün əsas məqsədləri regionda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin ətraf mühitin qorunması uğrunda, ilk dəfə olaraq, birgə araşdırma və inkişaf platformasını yaratmaq və bu məqsəd uğrunda səyləri birləşdirməkdir. Təşkilat Xəzər dənizi regionunda ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində birgə qabaqlayıcı tədbirlər hazırlayıb həyata keçirməklə ətraf mühitə atılan zərərli maddələrin qarşısını almağı hədəfləyir. Azərbaycanda fəaliyyət göstərən qlobal neft-qaz şirkətləri -“BP AGT”, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” təşəbbüsü yüksək qiymətləndirərək, yeni yaradılan təşkilata qoşulmuşlar.

Mayın 4-də CEPİ-nin təqdimatı və qarşıda duran məsələlərin müzakirəsi məqsədi ilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin AGT Regionunda Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Equinor”-un Azərbaycan üzrə meneceri Favad Quraişi və “Total E&P Absheron B.V.” İcraçı direktoru Regis Agutun iştirakı ilə onlayn görüş keçirmişlər.

Görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirakçılara CEPİ təşkilatının məqsəd və hədəfləri haqqında geniş məlumat vermiş, qeyd etmişdir ki, təşkilatın missiyası iqlim dəyişikliyinin yaratdığı ekoloji və iqtisadi təhlükələr qarşısında Xəzər bölgəsində fəaliyyət göstərən neft və qaz şirkətlərini səfərbər etməkdən, onları qabaqlayıcı addımların atılmasına təşviq etməkdən ibarətdir. Başlıca hədəf Xəzər dənizi regionunda ekoloji dayanıqlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınmasıdır. Şirkətlər ətraf mühitin qorunması sahəsində öz bilik və təcrübələrini paylaşacaq, birgə araşdırmalar aparacaq, ekoloji tədbirləri koordinasiyalı şəkildə həyata keçirəcəklər. Gələcəkdə digər beynəlxalq şirkətlərin və təşkilatların CEPİ-nin fəaliyyətində iştirakı nəzərdə tutulur.

Görüş iştirakçıları ətraf mühitin mühafizəsi işində təşəbbüsün əhəmiyyətini vurğulamış, Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının icrasına CEPİ təşkilatının dəyərli töhfə verəcəyinə inandıqlarını bildirmiş, təşkilat çərçivəsində atılacaq addımları geniş müzakirə etmişlər. Görüş zamanı yeni təsis edilən təşkilatın uğurlu fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə işçi qrupunun yaradılması və “anlaşma memorandumu”nun imzalanmasına dair qərar qəbul olunmuşdur. Sonda görüş iştirakçıları yekdilliklə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəni yeni yaradılan təşəbbüsə sədr seçdilər.

Xatırladaq ki, BMT-nin iqlim dəyişiklərinə dair Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə edilməsi, karbon emissiyalarının azaldılması və bölgənin inkişafının təmin edilməsi istiqamətində davamlı ekoloji tədbirlər icra edir, səmərəli həll yolları tətbiq edir.