Xəbərlər arxivi

30 Aprel 2020

OPEC+ çərçivəsində Azərbaycanda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırıldı

+

9 aprel 2020-ci il tarixində OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə etmiş, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlmişdir. Azərbaycan Respublikası, OPEC+ iştirakçısı kimi görüşdə iştirak etmiş və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürmüşdür. Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycan Respublikasını təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlamışdır. Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilmiş və təklifin icrasının təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Neft Şirkətinə həvalə olunmuşdur.

OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında olmaqla, üç dövrü əhatə edir. Birinci dövrdə hasilatın yüksək nisbətdə azaldılması, sonrakı dövrlərdə isə tədricən bərpa edilməsi nəzərdə tutulur. Beynəlxalq razılaşmaya əsasən 2020-ci ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min bareldən, iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

Beləliklə, cari ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən, gündəlik olaraq, 96* min, iyul-dekabr aylarında 63* min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 30* min barel həcmində azaldılması nəzərdə tutulur.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17* min barel həcmində azaldaraq 100* min barel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq, ümumi hasilata gündəlik 5* min barel, gələn ildən etibarən isə daha 6* min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111* min barel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlamışdır.

“Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76* min barel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27* min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26* min barel artıra biləcək. Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487* min barel səviyyəsində proqnozlaşdırılır.

Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3* min barel azaldacaq, iyul-dekabr aylarında gündəlik 1* min barel, gələn il isə daha 1* min barel artıra biləcəklər.

OPEC+ razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarında Azərbaycanın xam neft hasilatı ümumilikdə 17.4 milyon barel azaldılaraq, 141.8 milyon barel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30.7 milyon ton və ya 226.3 milyon barel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən “Şahdəniz” konsorsiumunun və “Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda SOCAR-ın “Azneft” İB-nin və “Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.

2020-ci ilin sonunadək SOCAR-ın “Azneft” İB-də, əməliyyat effektivliyini nəzərə alaraq, bir neçə yataqda hasilatın müvəqqəti məhdudlaşdırılması və avadanlıqlarının sənayedə qəbul edilmiş tələblərə uyğun şəkildə konservasiya edilməsi planlaşdırılır. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yatağın istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürüləcəkdir. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək olan neft və qaz yataqlarında istismarın dayandırılması, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismarın davam etdirilməsi nəzərdən keçirilir.

Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar. Odur ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcəkdir. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulmuşdur.



*Qeyd: Rəqəmlər yuvarlaqlaşdırılıb.

23 Aprel 2020

SOCAR-ın paytaxtın müxtəlif rayonlarında ahıllаra və aztəminatlı ailələrə ərzaq yardımı davam edir

+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 6-dan may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstərmişlər. Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. SOCAR-ın yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək.

23 Aprel 2020

Neft hasilatında innovasiya: SOCAR SAP UFAM əsasında “Rəqəmsal yataq” layihəsinə start verir

+

SOCAR SAP UFAM əsasında neft və qazçıxarma əməliyyatlarının rəqəmsallaşmasını həyata keçirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək. SOCAR istehsalatda UFAM-ın istismara verilməsini 2020-ci ilin iyununda planlaşdırır. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov demişdir: «SOCAR iqtisadiyyatın rəqəmsallaşdırılması kursu çərçivəsində biznes proseslərində və istehsalatda qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır, neft hasilatında sənaye standartlarını müəyyən edir. UFAM platformasının tətbiqi bir-birindən ayrı olan istehsalat sistemlərindən fərqli məlumatların vahid mərkəzdə toplanmasına, quyuların işinin təsdiq olunmuş potensiala uyğun şəkildə təmin edilməsi üçün inteqrasiyalı təhlilin aparılmasına, həmçinin geoloji-texniki tədbirlərin optimallaşdırılmasına imkan verəcək».

Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi), SAP Digital Business Services və OIS əməkdaşları tərəfindən həyata keçirilir.

Birinci mərhələdə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub.

Rəqəmsal platformanın istismara verilməsi SOCAR-a aşağıdakı məqsədlərə nail olmaq imkanı yaradacaq:

• standartlaşdırılmış planlaşdırma üsulu hasilata təsir edən bütün istehsal xidmətlərində iş uçotunu təmin edəcək ki, bu da sutka ərzində səmərəsizlik hallarını və itkiləri əhəmiyyətli dərəcədə azaldacaq;

• qərarvermənin dəstəklənməsi, statik və dinamik məhdudiyyətlər modelinin hesablanması üçün inteqrasiyalı modelləşdirmə alt sistemində daim fəaliyyətdə olan aktivin modeli yaradılacaq;

• bütün biznes obyektləri (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektlər və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunacaq və onların pasportları, son və cari iş parametrləri təqdim ediləcək

SAP CIS baş direktorunun müavini Dmitri Pilipenko demişdir: «SAP UFAM - MDB-də işlənib hazırlanmış və SAP-ın qlobal prays-listinə daxil edilmiş ilk məhsuldur. Burada həll mexanizmi yüksək beynəlxalq standartlara uyğundur və müştərinin lokal tələblərinə cavab verir. Sistem öz işində laydan neft təhvili qovşağınadək bir çox göstəriciləri nəzərə alır ki, bu da istehsal proseslərinin transformasiyasına imkan verir. Biz şadıq ki, SOCAR 10 ildir ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin reallaşdırılması üçün SAP həllini seçir».



REDAKTORLAR ÜÇÜN QEYD:

OIS - Rusiyanın 20 ildən artıq tarixə malik qabaqcıl İT şirkətidir. Neft-qaz hasilatı sektoru üçün İT həllərinin yaradılması və tətbiqi üzrə ixtisaslaşmışdır. Bir çox OIS həlləri RF ərasizində neft-qaz hasilatı sektorunda standart sayılır. Şirkətin 260 əməkdaşı, Rusiyanın 13 şəhərində ofisləri var. OIS şirkəti 2016-cı ildə SAP-ın tərəfdaşıdır. SAP UFAM Rusiyadan qlobal SAP prays-listinə daxil edilmiş ilk tərəfdaşlıq həllidir.

Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi) - SOCAR və IBM şirkətlərinin tərəfdaşlığı əsasında 2017-ci ildən fəaliyyət göstərən müəssisədir. SOCAR-ın sənaye təcrübəsi əsasında işlənib hazırlanmış müxtəlif həllərin tətbiqi və məlumatların təhlili sahəsində qabaqcıl şirkətlərin bilikləri müəssisənin əsas hədəfidir. CIC şirkəti SOCAR üçün rəqəmsal biznes transformasiyası üzrə strateji plan işləyib hazırlamışdır və hazırda layihələrin reallaşdırılması ilə məşğuldur.

İnformasiya texnologiyaları sahəsində bilik və ekspertiza mərkəzi olan CIC təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda şirkətlərin rəqəmsal əkizlərinin yaradılması üzərində işləyir. CIC qısa müddətdə fəaliyyət dairəsini genişləndirmiş, Özbəkistan. Türkiyə, Gürcüstan və Rumıniya kimi ölkələri də əhatə etmişdir. Şirkət mütəxəssislərinin SAP-ən əsas modullarının tətbiqi sahəsində malik olduqları böyük təcrübə maliyyə hesabatının toplanması, alqı proseslərinin, hasilatın, qazma proseslərinin idarə olunması üçün pltaformaların tikilməsi və s. kimi ən müxtəlif sahələrdə işləməyə imkan verir.

Şirkətin əsas məqsədi məlumatların işlənməsi üzrə vahid mərkəz üçün platforma yaradılması və bu əsasda Əşyaların İnterneti, Blockchain texnologiyası və süni zəka sahələrində layihələrin reallaşdırılmasıdır

SAP - korporativ tətbiqlər bazarında dünya lideridir. Dünyanın 180 ölkəsində 413 000-dən artıq müştəri SAP-ın həll və xidmətlərindən istifadə edir. 1992-ci ildə Moskvada ilk SAP SE ofisi açılmışdır. Hazırda şirkət bütün MDB ölkələrində təmsil olunur. SAP CIS-in 1300 nəfərdən çox əməkdaşı var. 2012-ci ildə Moskvada SAP Labs tədqiqat mərkəzi açılmışdır. İndi bu mərkəzin Sankt-Peterburqda və İjevskdə şöbələri fəaliyyət göstərir.

SAP - Rusiyada məlumatların işlənməsi mərkəzinə malik yeganə beynəlxalq proqram təminatı istehsalçısıdır və daim bu mərkəzin potensialını artırır.

SAP artıq 25 ildən çoxdur ki, yerli şirkətlərə innovasiya həlləri bazasında biznesin transformasiyası və optimallaşdırılması sahəsində yardım edir. 2018-ci ilin iyulunda Moskvada SAP-ın rəqəmsal liderlik mərkəzi - tədbirlərin keçirilməsi, yeni texnoloji həllərin, müştəri və tərəfdaşlarla birgə hazırlanmış məhsulların nümayişi üçün innovativ hab yaradılmışdır.

Şirkət təlimə sərmayə yatırılmasında fəallıq göstərir, təkmilləşir və ekosistemin təhlilini inkişaf etdirir. Rusiyada 60-dan artıq ali məktəb təhsil məqsədləri ilə SAP-a pulsuz giriş əldə etmişdir. 2017-ci ildə tələbə və gənc İT mütəxəssiləri üçün 12 innovasiya mərkəzi - SAP Next-Gen Lab açılmışdır.

Daha ətraflı məlumat - www.sap.com və www.sap.ru saytlarında. SAP şirkətinin Rusiyada fəaliyyətinə dair suallar üzrə Тatyana Zverevaya (tatiana.zvereva@sap.com), MDB ölkələri üzrə - Darya Gerasimovaya (daria.gerasimova@sap.com) müraciət edin.

14 Aprel 2020

2020-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri

+

SOCAR 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton1 neft, 1,8 milyard kubmetr2 qaz hasil etmişdir. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 milyard kubmetr3 , neft hasilatı 9,3 milyon ton4 təşkil etmişdir. SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib. SOCAR 26 min metrə yaxın5 , o cümlədən mart ayında təqribən 9 min metr6 həcmində qazma işləri həyata keçirib.

2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 milyon tondan7 çox məhsul istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 milyard kubmetr8 qaz emal edilib. Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın9 xammal emal olunaraq, müvafiq məhsullar istehsal edilib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən ölkədən 5.4 milyon tona yaxın10 xam neft ixrac olunub. Ümumilikdə rüb ərzində ölkədən 3,5 milyard kubmetr11 həcmində təbii qaz ixrac olunub. Ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 milyard kubmetr12 təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub. Neft emalı və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 534 min ton13 təşkil edib.

Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın14 metanol, 43 min tona15 yaxın karbamid ixrac edilib. “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan artıq16 olmuş, bunun da 43 min tondan çoxu 17 , yəni 89%-i ixraca göndərilmiş, 5%-ə yaxın hissəsi18 isə daxili bazarda reallaşdırılmışdır.

Bu ilin birinci rübü üzrə SOCAR-ın istehsalat göstəricilərində nəzərə çarpan əsas dəyişiklik budur ki, şirkət xam nefti və təbii qazı daha çox ölkə daxilindəki emal müəssisələrinə yönləndirib. Başqa sözlə, hasil olunan məhsulun artıq xammal kimi ixrac edilməsi azalmış, həmin xammaldan kimya məhsullarının istehsal səviyyəsi isə yüksəlmişdir. Xammal SOCAR-ın kimya müəssisələrində yüksək əlavə dəyərə malik olan kimya məhsulları halına gətiriləndən sonra daxili bazarda reallaşdırılır və ixrac olunur.





1 - 1.921.198 ton



2 - 1.814.130.000 kubmetr



3 - 9.991.314.000 kubmetr



4 - 9.305.012 ton



5 - 25.566 metr



6 - 8.933 metr



7 - 1.542.190 ton



8 - 1.124.710.000 kubmetr



9 - 166.607 ton



10 - 5.390.065 ton



11 - 3.536.763.000 kubmetr



12 - 4.136.777.000 kubmetr



13 - 533.613 ton



14 - 93.562 ton



15 - 42.996 ton



16 - 49.105 ton



17 - 43.466 ton



18 - 2.265 ton

8 Aprel 2020

SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş menecerini qəbul edib

TOTAL şirkəti Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək

+

Aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib. Görüşdə qlobal pandemiya dövründə uğurlu “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilmiş, eyni zamanda TOTAL şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanmışdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunmuşdur.

Sonda “TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut “TOTAL” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim etmişdir.

“TOTAL” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azəraycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “TOTAL” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “TOTAL” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

6 Aprel 2020

SOCAR Türkiyədəki Azərbaycan vətandaşları və tələbələrinə dəstək verir

+

SOCAR Azərbaycan RespublikasınınTəhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə koronavirus pandemiyasına görə öz ölkəsinə dönə bilməyən 10 mindən çox Azərbaycan vətəndaşı və tələbəsinin sığınacaq və yaşayış ehtiyaclarını ödəmək məqsədi ilə dəstək fondu yaratdı. SOCAR Azərbaycan dövlətinin koronavirusa (COVID-19) qarşı ölkə daxilində apardığı bütün tədbirlərdə, eləcə də iqtisadi dayanıqlığının təmin olunmasında yaxından iştirak etməklə yanaşı, həm də Türkiyədə çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına yardım əlini uzadır. Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR pandemiyaya qarşı mübarizədə sosial məsuliyyətini dərk edərək bu istiqamətdə dəstək tədbirlərini davam etdirir. Türkiyə və Azərbaycan iqtisadiyyatlarının inkişafı naminə investisiya layihələrini uğurla davam etdirən SOCAR Türkiyədəki əsas aktivimiz olan “SOCAR Türkiye” vasitəsilə “Biz Bize Yeteriz, Türkiyem” kampaniyasına töhfə verir. İzmirin Əliağa bölgəsində tibbi ehtiyacların təmin olunması sahəsində xəstəxanalara və yerli Səhiyyə İdarəsinə köməklik göstərən SOCAR, pandemiyaya görə Vətənimizə qayıda bilməyən Azərbaycan vətandaşları və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də dəstək verir.

Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin göstərişinə uyğun olaraq SOCAR, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq. Bu layihənin birbaşa vətəndaşların və tələbələrin ehtiyaclarına yönəldiyini bildirən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Bu çətin günlərdə biz, Azərbaycan neftçiləri dövlətimizin koronavirusa qarşı apardığı mübarizəni bütün sahələrdə dəstəkləməyi özümüzə borç bilirik. Möhtərəm Prezidentimizin ölkə daxilində həyata keçirdiyi təşəbbüslərə var gücümüzlə dəstək veririk. Bu gün həm də Türkiyədə minlərlə Azərbaycan vətandaşı COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşüb və Azərbaycana qayıda bilmir. Bir çoxu hazırda qaldığı yataqxana və başqa müvəqqəti yerləri tərk etmək məcburiyyətindədir. Prezidentimizin tapşırıqlarını nəzərə alaraq, biz bu vətəndaşlarımıza da sahib çıxmalı, onlara yardım əli uzatmalıyıq. Onların əsas ehtiyaclarının ödənilməsi məqsədilə SOCAR-ın maliyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılmışdır.”

“AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏ APARILAN YARDIM KAMPANİYALARINA DA DƏSTƏK VERİRİK”

Rövnəq Abdullayev daha sonra qeyd etmişdir: “Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar təxirə salınmışdır. Türkiyədəki azərbaycanlılar digər ölkələrdəki soydaşlarından daha şanslıdır; çünki Türkiyə bizim ikinci vətənimizdir. Əsas aktivlərimizin - Petkim, STAR neft emalı zavodu, Petkim Külək Elektrik Stansiyası, “SOCAR Depolama” və “SOCAR Terminal”ın yerləşdiyi Əliağa bölgəsində tibbi ehtiyacların təminatı üçün genişmiqyaslı yardım kampaniyası təşkil etmişik. İndiyə qədər kampaniya çərçivəsində yüzlərlə azərbaycanlı tələbənin Vətənə qayıtması üçün maddi yardım ayırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda ölkəsinə qayıda bilməyən Azərbaycan vətandaşlarına yardım etmək üçün faəliyyət göstəririk. Sərmayələrimiz, təsislərimiz, fasiləsiz istehsalımızla Türkiyə və Azərbaycanın rifahı üçün çalışır, sosial məsuliyyətimizi dərk edərək hər iki ölkə vətəndaşlarına dəstək verməyə davam edirik.”

2 Aprel 2020

SOCAR-ın prezidenti Neft Daşlarında olub

+

Aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq məqsədi ilə Neft Daşlarına səfər etmişdir. SOCAR prezidenti NQÇİ rəhbər şəxslərinin məruzəsini dinləmiş və demişdir: “Əslində mən gündə bir neçə dəfə dəniz obyektlərimizdən məlumat alıram. Nə qədər məlumatlı olsam da və hər şeyin yaxşı olduğuna inansam da, vəziyyətlə şəxsən tanış olmaq üçün bu gün sizinlə görüşmək istədim. Gəldim ki, hər şeyi yerində, öz gözlərimlə görüm və bir daha əmin olum ki, uzadılmış növbə rejimində işçilər üçün hər cür şərait yaradılmışdır. Uzadılmış növbə rejiminin nə qədər çətin olduğunu mən bilirəm. Xüsusilə özüllərdə 15 gündən artıq qalmaq çox çətindir. Amma təşəbbüsün sizin tərəfdən gəlməsi çox təqdirə layiqdir. Sizin bu təşəbbüsünüz alqışlanmalıdır. Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və ayın 10 dan başlayaraq növbələr tədricən dəyişiləcək. Sizə bu fədəkarlığınıza görə təşşəkür edirəm. Bu gün ön cəbhədə olan həkimlərimiz, polislərimiz, əsgərlərimiz kimi siz neftçilər də çox mühüm və həyati əhəmiyyətli fəaliyyətinizlə qəhrəmanlıq nümunəsi göstərirsiniz. İnanıram ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə xalqımız tez bir zamanda pandemiya təhlükəsini dəf edəcək və birliyimiz, həmrəyliyimiz sayəsində çətinliklərə qalib gələcəkdir. Neftçilərimiz onlara bəslənən etimadı həmişə olduğu kimi öz işləri ilə doğruldacaq, bu sınaqdan da alnıaçıq-üzüağ çıxacaqlar.”



SOCAR-ın prezidenti “Neft Daşların”da istehsalat sahələrinə baxış keçirmiş, neftçilərin güzəranı və məişət şəraiti ilə yaxından tanış olmuşdur.



Dəniz platformalarında koronavirusun yayılmasına yol verməmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 101-ci maddəsinə və SOCAR ilə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarına əsasən, SOCAR-ın dəniz obyektlərində növbə metodlu iş rejimi ilə çalışan işçilərinin iş qrafiklərində dəyişiklik edilərək, 15 günlük iş rejimi ilkin olaraq 1 ay müddəti ilə əvəz edilmiş, daha sonra isə 2 aylıq iş rejimi müəyyən edilmişdir. Şirkətin dəniz obyektlərindəki bütün istehsalat sahələrində və inzibati binalarında mütəmadi dezinfeksiya işləri aparılır. Həmçinin işçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanmış və işçilər arasında yayılmışdır. Bütün iş sahələrində əməkçilərlə maarifləndirici söhbətlər aparılmışdır və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı SOCAR-ın müəyyən edilmiş işçiləri, xüsusilə aidiyyəti rəhbər işçiləri bayram günlərində iş başında olmuşlar. SOCAR-ın fəaliyyət sahələrində, o cümlədən dəniz obyektlərində istehsalat əməliyyatları tam gücü ilə davam edir və şirkətin strukturlarında epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.