Xəbərlər arxivi

29 Yanvar 2020

SOCAR-ın prezidenti Maire Tecnimont şirkətlər qrupunun rəhbərini qəbul etmişdir

+

Yanvarın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Maire Tecnimont şirkətlər qrupunun sədri və əsas səhmdarı Fabrizio Di Amatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası və “SOCAR Polymer” layihələri haqqında fikir mübadiləsi aparılmışdır. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində Maire Tecnimont şirkəti yeni qurğuların tikintisi üzrə əsas podratçı kimi çıxış edir. Modernizasiyanın bu hissəsi üzrə ilkin iş həcminin artıq 63 faizi yekunlaşmışdır. Şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda “SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir. Bildirilmişdir ki, hazırda Maire Tecnimont-un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir.

Qeyd olunmuşdur ki, SOCAR rəhbərliyi, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyasının ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürmüşdür. Yeni yaradılmış “SOCAR Daunstrim” şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə və optimallaşdırlmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə STAR Neft Emalı Zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək, “SOCAR Daunstrim” şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in moderinizasiyasında podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar.

Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də moderinizasiya dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernizasiyası mürəkkəb layihələrdən hesab olunur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev vurğulamışdır ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası müəyyən edilmiş xərclər daxilində, dövlət vəsaitlərindən maksimum səmərəli istifadə olunmaqla həyata keçirilməlidir. Layihənin müəyyən olunmuş müddətdə tamamlanması əsas şərtlərdən biri kimi vurğulanmışdır.

Görüşdə, həmçinin başa çatmış “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında keçirilən sonuncu planlı sınaq işlərinin gedişi də müzakirə edilmişdir. Bildirlmişdir ki, sınaq işləri SOCAR və Maire Tecnimont mütəxəssisləri tərəfindən yaxın bir həftə ərzində həyata keçirləcəkdir.

29 Yanvar 2020

SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilmişdir

+

Yanvarın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Wood Group şirkətlər qrupuna daxil olan Amec Foster Wheeler Italiana şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Heydər Əliyev adına Neft Emalı Zavodunda görülən moderinizasiya işlərinin gedişi müzakirə olunmuş, layihənin vaxtında tamamlanması üçün aparılan struktur optimallaşdırılması və layihənin idarə edilməsi üzrə podratçı Wood Group şirkətlər qrupuna daxil olan Amec Foster Wheeler Italiana şirkəti ilə əməkdaşlıqdan, həmin şirkət ilə SOCAR-ın birgə müəssisəsi olan “SOCAR Foster Wheeler”-in uğurlu fəaliyyətindən və yeni yaradılmış “SOCAR Daunstrim” şirkətinin layihədəki rolundan söhbət açılmışdır.

Amec Foster Wheeler Italiana şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaro bildirmişdir ki, təmsil etdiyi şirkət artıq 10 ildən artıqdır, SOCAR-la əməkdaşlıq edir. Hazırda Wood Group-a daxil olan şirkətlərdə 60 mindən çox əməkdaş çalışır ki, onlardan da 9 min nəfəri neft emalı və neft-kimya sənayesi sahələrində fəaliyyət göstərir. SOCAR və Wood Group arasında Türkiyədə STAR layihəsindən başlanmış əməkdaşlıq hazırda Heydər Əliyev adına NEZ-in moderinizasiyası prosesində davam etdirilir. Giuseppe Zuccaro bu əməkdaşlığın uğurlu olduğuna və layihənin müvəffəqiyyətlə başa çatdırılacağına əminliyini ifadə etmişdir. Görüşdə həmçinin “SOCAR Foster Wheeler” birgə müəssisəsinin fəaliyyəti barədə fikir mübadiləsi aparılmış, müəssisənin nəinki Azərbaycanda, eləcə də bölgədə yüksək səviyyədə mühəndislik xidmətləri təklif edən azsaylı şirkətlərdən olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, bu şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti Azərbaycanlı mühəndislərdir və onlar xarici həmkarları ilə birlikdə yüksək nəticələr əldə edirlər. Onların müasir səviyyəli mütəxəssis kimi formalaşması üçün SOCAR tərəfindən hər cür şərait yaradılmışdır. “SOCAR Foster Wheeler” birgə müəssisəsinin mütəxəssiləri detallı mühəndislik kimi ən mürəkkəb xidmətləri yerinə yetirirlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri Azərbaycan dövlətinin nəzarəti altındadır və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Bu layihənin müəyyən edilmiş xərclər daxilində, yüksək keyfiyyətlə və qısa zamanda yekunlaşdırılaraq təhvil verilməsi podratçı şirkətin əsas vəzifəsidir.

Xatırladaq ki, SOCAR və Foster Wheeler şirkətləri tərəfindən 2012-ci ildə birgə müəssisə kimi yaradılmış “SOCAR-Foster Wheeler Mühəndislik” MMC neft emalı, neft-kimya və ətraf mühitin qorunması layihələrində mühəndislik, satınalma, tikintiyə nəzarət və layihənin idarəedilməsi ilə bağlı xidmətlər göstərir.

22 Yanvar 2020

SOCAR və Lukoil Davosda Anlaşma Memorandumu imzaladılar

+

Yanvarın 22-də SOCAR və Lukoil şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanmışdır.

Anlaşma Memorandumu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov imzaladılar. “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmişdir.

Qoşadaş strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılmışdır.

22 Yanvar 2020

Petkim Sənaye 4.0 texnologiylarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil oldu

+

• Petkim Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una bu il Türkiyədən seçilən yeganə şirkət oldu

• Bu şəbəkəyə Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr qəbul olunur

• “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov rəqəmsal dəyişikliklərin Petkimin enerji səmərəliliyini və məhsulun keyfiyyətini yüksəltdiyini bildirdi “SOCAR Türkiyə”nin aktivlərindən olan və Türkiyınin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi sayılan Petkim rəqəmsal tətbiqlər və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” una seçildi. Petkim 2018-ci ildə təsis edilən və “gələcəyin fabrikləri” olaraq qəbul edilən 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir. Forumun yanvarın 20-də Davosda keçirilən mərasimində mükafat “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanova təqdim olundu.

Enerji səmərəliliyi və məhsulun keyfiyyətini artırdı

55 illik tarixə malik olan Petkimin Türkiyənin və Azərbaycanın ən rəqəmsal şirkət olma istiqamətində addım-addım irəlilədiyini bildirən Zaur Qəhrəmanov demişdir: “Petkimdə rəqəmsal transformasiyaya inteqrasiyamız istehsal prosesində qabaqcıl analitik tətbiqlər və süni intellektdən istifadə etməyimizlə başladı. Bu məqsədlə Rəqəmsallaşma Departamenti və Rəqəmsal Akademiya yaratdıq. Bu iş modeli vasitəsilə şirkət daxilində istehsalat üzrə nümunə ssenarilər hazırlandı. Bu ssenariləri məlumata əsaslanan qərar vermə prosesləri və alqoritmlər hazırlayaraq təhlil etdik. Uğurlu ssenarilər real proseslərdə tətbiq olundu. Petkim məhsuldarlığını, istehsal həcmini, enerji səmərəliliyini və məhsulun keyfiyyətini artırmağa nail oldu.”

Petkimin sektordakı qabaqcıl mövqeyini gücləndirməyə davam edəcəklərini deyən Qəhrəmanov, bu çərçivədə dünya şöhrətli Massaçusetts Texnologiya İnstitutu ilə əməkdaşlığı xatırladaraq qeyd etmişdir : “Universitetin zəngin təcrübəsindən faydalanaraq, rəqəmsal transformasiya prosesini bir pillə yuxarı qaldırdıq. İTÜ, Boğaziçi Universiteti və ODTÜ əməkdaşlığı vasitəsilə istehsal və prosesinin inkişafı üzrə “start-up”lar ilə müştərək layihələr həyata keçirməyə davam edəcəyik. Rəqəmsallaşma komandamızın liderliyində hədəflərimizə çatmağımızın bariz nümunəsi olan bu mükafatı almaqdan böyük qürur duyuruq .”

Öz sahəsində ən yüksək rəqəmsal tətbiqi gerçəkləşdirir

Dünyada innovativ və rəqəmsal tətbiqlər standartı mövzusunda şirkətlər üçün meyar qəbul edilən “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş proseslərinə ən yaxşı tətbiq edən şirkətlərdən ibarət nüfuzlu bir platformadır. Petkimin uğurlu və səmərəli rəqəmsal tətbiqləri də bu şəbəkə vasitəsilə “best practice” (ən yaxşı praktika) kimi göstərilərək öz sahəsində ən yüksək rəqəmsal tətbiq standartını həyata keçirir.

20 Yanvar 2020

SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət etmişlər

+

Yanvarın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Şirkətin çoxminli kollektivinin təmsilçiləri 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramlarını bildirmiş, onların məzarları üzərinə tər çiçəklər düzmüş, ruhları qarşısında baş əymişlər.

16 Yanvar 2020

2019-cu il üzrə qazma, hasilat və ixrac göstəriciləri

+

• Ötən il SOCAR öz neft və qaz hasilatını sabitləşdirməyə nail olub

• Ölkə üzrə neft hasilatının təbii azalması müqabilində, təbii qazın hasilatı 17% artıb

• Əsasən qaz-kimya sənayesinin inkişafı və əhali arasında qaz infrastrukturunun genişləndirilməsi ilə əlaqədar olaraq təbii qazın ölkədaxili istehlak səviyyəsi təxminən 9% artıb

• Azərbaycan təbii qaz ixracını 23% artırıb; o cümlədən, Cənub Qaz Dəhlizi üzərindən il ərzində 2,8 milyard kubmetr qaz nəql olunub

• SOCAR-ın yeni neft- və qaz-kimya müəssisələrinin istismara verilməsi ilə neft emalı və neft-kimya ixracının həcmində 22% artım qeydə alınıb 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda neft və qaz hasilatını sabitləşdirməyə nail olub və il ərzində 7,7 milyon ton1 neft, 6,8 milyard kubmetr2 qaz hasil edilib.

Ölkə üzrə ümumi qaz hasilatı əvvəlki illə müqayisədə təqribən 17% artaraq, 35,6 milyard kubmetrə3 çatıb. İl ərzində ölkədə 37,5 milyon ton4 xam neft hasil edilmişdir. SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil omaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarəolunan templə təbii azalması davam edib. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsorsium tərəfindən istismar edilən Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarında müşahidə olunur.

Hesabat ili ərzində ölkə üzrə 291 min metr5 , SOCAR üzrə 151 min metrə6 yaxın qazma işləri həyata keçirilib. 2019-cu ildə SOCAR və TOTAL şirkətlərinin birgə layihəsi çərçivəsində “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə 7411 metr dərinliyinə Azərbaycanın qazma uzunluğuna görə ən dərin quyusu qazılmışdır. “Abşeron” yatağının işlənməsi gələcəkdə qaz hasilatının artırılması üçün ən mühüm layihələrdən biridir. Yataqda hasilatın 2021-ci ildə başlanılması, çıxarılacaq qaz həcmlərinin ilk növbədə daxili bazarın tələbatına yönləndirilməsi nəzərdə tutulur.

Ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 milyard kubmetr7 təşkil etmişdir. 2018-ci ilin analoji göstəricisi8 ilə müqayisədə ölkədaxili təbii qaz istehlakı təxminən 918 milyon kubmetr və ya 8,7% artmışdır. Artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artmışdır.

Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 milyard kubmetrə9 çatdırmışdır. SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi “Şahdəniz” qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır. 2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub. Türkiyə bazarına ümumilikdə 9,2 milyard kubmetr10, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 milyard kubmetr11 təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.

2019-cu il ərzində SOCAR tərəfindən 21,1 milyon ton xam neft ixrac olunub. Qeyd edək ki, şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur.

Neft emalı və neft-kimya məhsullarının ixracı 2019-cu il ərzində təqribən 2,2 milyon ton12 təşkil edib, bu da əvvəlki illə müqayisədə təqribən 22% faiz artım deməkdir. Neft- və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.



Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.

1 - 7.683.153 ton

2 - 6.818.640.000 kubmetr

3 - 35.616.510.185 kubmetr

4 - 37.453.702 ton

5 - 291.490 metr

6 - 150.848 metr

7 - 11.531.590.000 kubmetr

8 - 2018-ci ildə, texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra, ölkənin ümumi təbii qaz istehlakı 10.613.246.000 kubmetr olub.

9 - 11.586.368.000 kubmetr

10 - 9.180.179.000 kubmetr

11 - 2.783.692.000 kubmetr

12 - 2.233.210 ton

15 Yanvar 2020

Azərbaycanda “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlandı

+

SOCAR və BP şirkətləri elan edir ki, 13 yanvar 2020-ci il tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlanmışdır. “Şəfəq-Asiman” bloku üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) SOCAR və BP şirkətləri hər biri 50% olmaqla bərabər iştirak payına malikdirlər. Layihənin kəşfiyyat mərhələsinin əməliyyatçısı BP şirkətidir. Quyunun qazılmasını SOCAR-ın Caspian Drilling Company şirkəti həyata keçirir.

SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və onun qazılması 2011-ci ildə Azərbayca Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənmiş sazişin şərtlərinə uyğundur.

Bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı, qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi planlaşdırılır. Sonra quyunun göstəriciləri təhlil ediləcəkdir. Uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz demişdir: “Biz “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu dəniz blokunun böyük potensialı var və kəşfiyyat işləri uğurlu olarsa, bu, irimiqyaslı qaz ehtiyatlarının kəşfi ilə nəticələnə bilər. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb. Bunun üçün ixtisaslaşmış və yüksək motivasiyalı komanda çalışacaq və təzyiqi idarə etməklə qazma imkanlarına malik olan qazma qurğusundan istifadə edəcəyik.“

SAX01 quyusunun qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.



Redaktorlar üçün qeydlər:

• Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS SOCAR və BP arasında 2010-cu ilin oktyabrında Bakıda imzalanıb.

• Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometrlik (78 mil) məsafədə yerləşən bu dəniz bloku təqribən 1100 kvadrat kilometr sahəni əhatə edir və həmin sahədə dənizin dərinliyi 650-800 metr təşkil edir.

• Bu dəniz bloku “Şahdəniz” yatağından 60 km, Səngəçal terminalından isə 145 km aralı yerləşir.

• 2012-ci ildə bu müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramı həyata keçirilib.

• Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb, daha sonra ilk quyunun yeri seçilib və qazma fəaliyyətləri planlaşdırılıb.



Əlavə məlumat üçün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinə İbrahim Əhmədova

Telefon: (+99412) 521 03 69



BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: (+994 12) 525 58 95