Xəbərlər arxivi

29 Dekabr 2019

SOCAR-da 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

+

Dekabrın 29-da SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabr “Neftçilər günü” və “Neft Daşları”nın 70 illiyi ərəfəsində imzaladığı Sərəncamlara əsasən, təltif edilmiş neftçilərin bir qrupu iştirak etmişlər. Tədbirdə neftçilərin Milli Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə Azərbaycan xalqına təbrik və müraciətlərini əks etdirən videoçarx nümayiş olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə söz açmış, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, SOCAR Polymer, Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs etmiş, Azəri-Çıraq-Günəşli yataqlarında indiyə qədər olan ümumi neft hasilatının artıq 500 milyon tona çatdırıldığını qeyd etmişdir. O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanmış, SOCAR-ın Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirmişdir:

“Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar kursu SOCAR-ın qarşısında yeni üfüqlər açır. Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir. SOCAR daim zamanın tələblərinə cavab vermiş şirkət olmuşdur və bu gün də belədir. Biz yaxşı başa düşürük ki, bu gün rəqəmsallaşmada uğur qazana bilməyən şirkətlər 10-15 ildən sonra bazarı tərk etmək məcburiyyətində qalacaqdır. Biz şirkətin əmək effektivliyini işçi sayını çoxaltmaqla yox, texnoloji güc ilə artırmaq niyyətindəyik. Bu gün geniş yayılmış peşələrin çoxu yaxın gələcəkdə tarixə qovuşacaq, rəqəmsallaşma dövrünün yeni peşələri yaranacaqdır. Şirkətimizin kadr hazırlığı siyasətində bu məsələlər də nəzərə alınmaqdadır.”

Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları oxunmuş, “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş və “Fəxri neftçi” adına layiq görülmüş neftçilərə ali dövlət təltifləri təqdim olunmuşdur.

Təltif olunanlar adından çıxış edənlər, layiq görüldükləri dövlət mükafatlarını bütün Azəbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmiş, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğulamışlar. Tədbirin sonunda SOCAR-ın birinci vitse-prezidenti Akademik Xoşbəxt Yusifzadə Azərbaycan neftçilərini qarşıdan gələn bayram münasibəti ilə təbrik etmişdir. Ölkə başçısı İlham Əliyevin SOCAR-dakı fəaliyyətini xatırladaraq, onun daim neftçilərin dostu olduğunu vurğulamışdır.

27 Dekabr 2019

DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ DÖVLƏT NEFT ŞİRKƏTİNİN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

+

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neftin axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparmışdır. Keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən edildilər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf etmişlər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Hazırda DİN-in NBPİ Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

24 Dekabr 2019

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşmüşdür

+

SOCAR prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşmüşdür. Görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında SOCAR Georgia Petroleum-un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilmişdir.

23 Dekabr 2019

“SOCAR Georgia Petroleum” yeni multifunksional kompleks açıb

+

Bu gün Gürcüstanın Tbilisi-Sebaki-Leselidze sürət magistralında, Tercola şəhərinin yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni multifunksional kompleksinin təntənəli açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsitişvili, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava iştirak ediblər. İştirak edənlər arasında, həmçinin Gürcüstan hökumətinin digər nümayəndələri və SOCAR rəsmiləri, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və KİV nümayəndələri də olub.

Açılış nitqi ilə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorgadze çıxış edib. Təntənəli açılışdan sonra qonaqlar üçün kompleksdə ekskursiya təşkil edilib.

Yeni multifunksional kompleksə avtomobillərin yanacaq doldurulma stansiyasından başqa, oyun avtomatlarının olduğu uşaq əyləncə zonası, “Way Mart” kafe-market, “Dunkin Donuts” və “Wendy’s” iaşə obyektləri, “GPC” aptek şəbəkəsi, “Khareba” mağazası da daxildir. Həmçinin, kompleksin ərazisində elektromobillərin enerji ilə doldurulması üçün cihazlar quraşdırılıb.

Bu, “SOCAR Georgia Petroleum”un sayca üçüncü multifunksional kompleksidir. İlk belə bir kompleks Urbnisi (Qori avtobanı), ikincisi isə Rustavi şəhərində yerləşir.

SOCAR fəaliyyət göstərdiyi müxtəlif ölkələrdə yanacaqdoldurma məntəqələri şəbəkəsinin əməliyyatçısı olmaqla müştərilərə keyfiyyətli xidmət göstərilməsini hədəfləyir.

21 Dekabr 2019

“KazMunayQaz” şirkətlərinin rəhbərliyi ilə görüş keçirildi

+

20-21 dekabr 2019 tarixlərində Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Dekabrın 20-də Qazaxıstan şirkətinin rəhbərliyi və nümayəndə heyəti SOCAR-ın Caspian Drilling Company (CDC) MMC-nin dəniz təchizat və loqistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb. Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernizasiya prosesi ilə tanış olub, məmnunluğunu ifadə etmişdir.

Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də “KazMunayQaz” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevlə və Qazaxıstan şirkətinin heyəti ilə görüş keçirib. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcəkdir.

14 Dekabr 2019

Tekfen şirkəti “SOCAR Polymer”-in 10 faiz səhmini aldı

+

Dekabrın 13-də SOCAR-ın Baş ofisində Türkiyənin Tekfen şirkəti SOCAR Polymer şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalamışdır. Satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub. Sənədi SOCAR Overseas şirkətinin direktoru Firudin Həsənov və Tekfen Holding idarə heyətinin sədri Murat Gigin imzalamışlar.

Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilmişdir. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulmuşdur. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilmişdir.

SOCAR Polimer layihəsinin ümumi investisiya dəyəri təxminən 816 milyon dollar (ƏDV daxil olmaqla) təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.

12 Dekabr 2019

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyinin, çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. SOCAR nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, ruhuna dualar oxumuş, məzarı üzərinə tər çiçək dəstələri düzmüşlər.

11 Dekabr 2019

SOCAR-da BP qrupunun baş icraçı direktoru ilə görüş keçirilib

+

Dekabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən, “Azəri”-“Çıraq”-“Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub. Həmçinin yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə olunan trendlər də müzakirə edilib.

Sonda Rövnəq Abdullayev BP qrupunun təqaüdə çıxmağa hazırlaşan baş icraçı direktoru Robert Dadliyə SOCAR-ın xatirə hədiyyələrini təqdim etmişdir.

7 Dekabr 2019

SOCAR prezidenti TOTAL-ın hasilat üzrə prezidentini qəbul edib

+

• SOCAR və Total şirkətlərinin birgə istismar etdiyi “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə Xəzərdə 7411 metr dərinliyə quyu qazıb

• “Abşeron” yatağında SOCAR və Total-ın dəyərləndirmə qazması son 10 ildə Total şirkətinin ən böyük kəşfi olub

• “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir

• “Abşeron” yatağı Azərbaycanın daxili tələbatının qarşılanmasına kömək edəcək və ixrac gəlirlərinə də öz töhfəsini verəcək


Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə SOCAR-TOTAL əməkdaşlığının “Abşeron” layihəsi çərçivəsində nailiyyətləri və əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün tədbirlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə qazılan quyuda işlər tamamlanmışdır. Qiymətləndirmə və hasilat üçün nəzərdə tutulan bu quyu 7411 metr dərinliyə qazılmaqla, hazırda Xəzər dənizində ən dərin quyudur.

TOTAL şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillac qeyd etmişdir ki, “Abşeron” yatağında həyata keçirilən bu layihə TOTAL-ın son 10 ildə ən böyük kəşfidir. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir. Tərəflər, hər birinin 50 faizlik paya malik olduqları JOCAP birgə əməliyyat şirkətinin gələcəkdə layihənin idarəetməsini həyata keçirməsi fikrini təqdir etmişlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirmişdir ki, hazırda Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. Bu da “Abşeron” və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir.

Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunmuş, qeyd edilmişdir ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərasizini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcəkdir.

Qeyd edək ki, Abşeron yatağı Xəzər dənizinin Azəraycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və Total şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. İki lülədən ibarət olan qiymətləndirmə və hasilat məqsədli quyunun qazılması bu ildə başa çatıb. Məhsulun sahilə çıxarılması üçün lazım olan bütün sualtı avadanlıqlar hazırda Azərbaycandadır. Qurulan sualtı infrastruktur vasitəsi ilə məhsul Neft Daşlarındakı qəbuledici platformaya, orada isə sahilə çıxarılacaq. 2021-ci ildə quraşdırma işlərin tamamlanması və ilk məhsulun çıxarılması nəzərdə tutulur. Çıxarılacaq ilk qaz həcmləri Azərbaycanın daxili bazarının tələbatına yönləndiriləcək.

3 Dekabr 2019

SOCAR-ın yeni vitse-prezidenti təqdim olunub

+

Dekabrın 3-də SOCAR-Towerdə Neftin, qazın nəqli və qaz təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İskəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilmişdir. Qeyd edək ki, Daşqın İskəndərov ali təhsilini başa vurduqdan sonra “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlamış, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və BP Eksploreyşn LTD şirkətində texniki istehsalat üzrə supervayzer vəzifəsində işləmişdir. 2007-ci ildə “28 May” NQÇİ-nin rəisinin birinci müavini, 2008-ci ildən “Azneft” İB-nin Baş mühəndisi - baş direktorun birinci müavini, 2011-ci ildən İstehsalat Birliyinin Baş direktoru vəzifələrində çalışmışdır.