Xəbərlər arxivi

20 Sentyabr 2019

“Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə

+

Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

“Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2019-cu il .

20 Sentyabr 2019

BP-nin Baş icraçı direktoru SOCAR-ın prezidentinə təbrik məktubu ünvanlayıb

+

BP-nin Baş icraçı direktoru cənab Bob Dadli SOCAR-ın prezidenti Rövnəq Abdullayevə “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli cənab Abdullayev,

BP və onun heyəti adından Sizi, SOCAR-ın və onun tabeliyindəki qurumların əməkdaşlarını, habelə Azərbaycanın neft-qaz sənayesində işləyən bütün işçiləri peşə bayramı və “Əsrin müqaviləsi” kimi tanınan AÇG üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik edirəm.

Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalandığı tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. AÇG 100 il bundan əvvəl dünyada ilk dəfə qazma işi aparmış və qabaqcıl mövqedə olmuş Azərbaycanın neft sənayesinin böyük dirçəlişinə təkan verdi və ölkənin dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırdı. Biz müasir texnologiyalar, beynəlxalq təcrübə və digər mövcud resurslar təklif etməklə AÇG üzrə uzunmüddətli imkanların açılmasında SOCAR ilə tərəfdaşlıq etməkdən qürur duyuruq.

AÇG tərəfdaşları arasında 25 illik uğurlu əməkdaşlıq göstərdi ki, xarici neft şirkətləri SOCAR ilə birlikdə işləyərək dəniz hasilatı platformalarını, sualtı boru kəmərlərini, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihələri həyata keçirmək əzmindədir. Bütün bunlar investorların inamını artırdı və beynəlxalq aləmdə Azərbaycanı biznesin uğurla həyata keçirilə biləcəyi ölkə kimi tanıtdı. Biz SOCAR-ın etibarlı və sabit tərəfdaşı olmaqdan qürur duyuruq və hazırkı əməliyyatlarımızın və kəşfiyyat layihələrimizin təhlükəsiz və səmərəli şəkildə idarə olunmasını davam etdirəcəyik.

Peşə bayramınız və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram və Azərbaycan Respublikasının tərəqqisi naminə yeni nəsil neft mütəxəssislərinin yetişdirilməsində uğurlar arzulayıram. Məhsuldar və uğurlu tərəfdaşlığımızın davam edəcəyinə ümid edirəm.

Hörmətlə, Bob Dadli

BP-nin Baş İcraçı direkrtoru

20 Sentyabr 2019

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

+

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söylədi. Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlətimizin başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirdi. Prezident ilham Əliyev 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışdı.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident ilham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğuladı. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirdi. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzuladı.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun məktubunu oxudu.

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış etdilər.

20 Sentyabr 2019

AÇG uğura aparan yolunun 25-ci ilini qeyd edir

+

Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi tərəfdaşları bu gün 20 sentyabr 1994-cü il tarixində Azərbaycan hökuməti ilə altı ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında imzalanmış AÇG üzrə Hasilatın pay bölgüsü haqqında Sazişin 25-ci ildönümünü qeyd edir. “Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in- “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artmışdır və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaratmışdır.

Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilmiş, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilmişdir. Ölkəyə təqribən 265 mlrd. ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuşdur. “AÇG”-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 mlrd. ABŞ dollarını keçmişdir”.



BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “AÇG-nin 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir. Bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür.



1994-cü ildən bəri bu müqavilə çərçivəsində əldə olunanlar möhtəşəmdir. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlanmışdır. Bu nailiyyətlərin bir səbəbi də AÇG çərçivəsində qurulan çox uğurlu əməkdaşlıqdır. Bunun üçün biz Prezident Əliyevə, onun hökumətinə və SOCAR-a borcluyuq. Biz birlikdə əməkdaşlığın nəyə qadir olduğunu göstərdik.”

AÇG-nin 25 illik uğurunun bəzi faktları:

• 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilmişdir.

• Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel ACG nefti dünya bazarlarına daşınmışdır.

• 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınmışdır.

• Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir.

• AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil etmişdir.

• 1994-cü ildə AÇG layihəsi başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək layihə tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləmişlər.

• 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılmışdır.

• Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə - Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiyalaşdırıldı. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

• AÇG layihəsi çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulmuş, yeddi təzə platforma tikilmiş, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilmiş, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılmışdır.

• 2019-cu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu vardı.

• AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılmışdır.

20 Sentyabr 2019

SOCAR-ın çoxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər

+

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.