Xəbərlər arxivi

30 Avqust 2019

KİV nümayəndələri Heydər Əliyev adına NEZdə yenidənqurma və modernizasiya işləri ilə tanış olmuşlar

+

SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, emal kompleksində alınan məhsulların yüksək standartlara çatdırmaq, habelə Azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Belə layihələrdən biri kimi, məhz Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidən qurulması layihəsi çərçivəsində görülən işlər, eləcə də layihələrin cari statusu ilə tanışlıq məqsədilə avqustun 30-da respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün emal müəssisəsinə press-tur təşkil olunmuşdur.

KİV nümayəndələri Zavodun istehsalat sahələri və əsas qurğuları ilə tanış olmuş, aparılan yenidənqurma işləri haqqında onlara ətraflı məlumat verilmişdir. Daha sonra modernizasiya işlərinin cari vəziyyəti ilə bağlı təqdimat nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartlarına çatdırılması, ölkənin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, benzin və dizel yanacağına artan tələbatın ödənilməsi, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı istehsalının artırılması, “Azərikimya” İB-nin qaz xammalı ilə (propan-propilen, butan-butilen fraksiyaları və s. quru qazlarla) təmin olunması, habelə ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiq edilməsi, istismar xərclərinin azaldılması və gəlirliliyin artırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işləri (Layihə) uğurla davam etdirilir.

Layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilmişdir. Layihənin növbəti mərhələləri üzrə işlər həcmi iki hissəyə - yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünmüşdür. Hər iki paket üzrə “EPC” (Layihələndirmə, Satınalma və Tikinti) podratçılar 2017-ci ildə ABŞ-ın KBR şirkəti tərəfindən dünya üzrə ən qabaqcıl EPC şirkətləri arasında aparılan seçmə müsabiqəsi nəticəsində müəyyənləşdirilmiş və seçilmiş şirkətlər 2018-ci ilin əvvəlindən işlərə start vermişlər.

Paket A (yeni qurğular) üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın “Tecnimont-KT” alyansı cəlb edilmişdir. Bu paket çərçivəsində yeni Dizel yanacağının hidrotəmizlənməsi, Benzinlərin hidrotəmizlənməsi, Kükürdün alınması, İzomerləşmə, MTBE, Hidrogen alınma, Maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümümzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulur. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90%, satınalma işləri 72%, tikinti işləri isə 17% icra olunmuşdur. Əsas və istehsalı uzun müddət tələb edən avadanlıqların əksəriyyəti əraziyə çatdırılmış, həmin avadalıqların bir hissəsi artıq quraşdırılmışdır. işlər plana uyğun olaraq davam etdirilir və ümumi olaraq işlərin 53% icra edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, quraşdırılan avadanlıqlar arasında 526 ton ağırlığında Dizelin Hidrotəmizlənməsi qurğusunun reaktoru indiyədək ölkəyə gətirilən ən ağır avadanlıq olaraq tarixə keçmişdir.

Paket B (rekonstruksiya olunacaq qurğular) üzrə işlərin icrasına əvəzi ödənilən müqavilə əsasında İspaniyanın Tecnicas Reunidas (TR) şirkəti cəlb edilmişdir. Layihə üzrə xərclərin minimuma endirilməsi və yeni qurğuların inşası əvəzinə mövcud qurğularda rekonstruksiya işlərinin həyata keçirilməsi məqsədi ilə bu paket çərçivəsində mövcud ELOU-AVT-6, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum Qazoylun Hidrotəmizlənməsi və bir sıra digər qurğuların, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulurdu. Bu qurğuların dəqiq vəziyyətinin, qalıq istismar müddətinin müəyyənləşdirilməsi yalnız EPC podratçısının cəlb edilməsindən sonra mümkün idi. Çünki EPC podratçısı müvafiq texniki audit, təftiş və metalın vəziyyətinin müəyyənləşdirilməsi üçün qeyri-destruktiv və digər sınaqları həyata keçirməli, nəticələr əsasında qurğuların gələcək istismarına dair müvafiq zəmanətlər verməlidir. 2018-ci ilin əvvəlində işə başlayan TR şirkəti həmin ilin oktyabr ayında NEZ-in təmirə dayanması zamanı bütün tələb olunan texniki audit işlərini həyata keçirmiş, nəticələri təhlil etmişdir. Əldə olunan nəticələri 2019-cu ilin birinci rübündə Layihənin idarə olunması üzrə podratçı (“PMC”) - “WOOD Group” şirkətlər qrupuna daxil olan “AMEC-Foster Wheeler Italiana” şirkətinə və SOCAR-a təqdim edilmişdir. “PMC” və TR-ın rəyləri nəticəsində rekonstruksiyası nəzərdə tutulan qurğuların gözlənildiyindən daha pis vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, işlərin həcmi kəskin artmış və və yenidənqurma işlərinin dəyərinin yeni qurğuların inşa olunması dəyərinə yaxınlaşmışdır. Bəzi qurğularda, məsələn, Katalitik Krekinq qurğusunda 90%-a qədər avadanlıqların dəyişdirilməsinə zərurət yaranmış, eyni zamanda NEZ-in fəaliyyətdə olan qurğularında aparılacaq tikinti işləri riskləri artırmışdır.

Artmış işlər həcminin yerinə yetirilməsi üçün Katalitik Krekinq qurğusunun əvvəl planlaşdırıldığı 2 ay əvəzinə 15-18 ay müddətinə dayandırılmasına zərurət yaranırdı. Bu isə öz növbəsində ölkəyə böyük miqdarda avtomobil benzinlərinin, dizel yanacağının, aviakerosinlərin və Azərikimya İstehsalat Birliyinin tələbatının ödənilməsi üçün xammalın idxalına və bununla əlaqədar böyük xərclərə səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, rekonstruksiyası nəzərdə tutulan ELOU-AVT-6, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya qurğularının yeniləri ilə əvəz olunması TR və PMC tərəfindən tövsiyyə edilmişdir. Qeyd olunan tövsiyyələr Layihə üzrə Dövlət Kommissiyasına təqdim edilmişdir. Qərara alınmışdır ki, yeni qurğuların quraşdırılması ilə ən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunması baxımından olduqca önəmli olacaqdır və ölkə əhalisinin növbəti 25-30 il ərzində ən müasir standartlara cavab verən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə zəmin yaradacaq, həmçinin zavodun uzun müddətli etibarlı şəkildə istismarı təmin olunacaqdır. Əldə olunmuş razılığa əsasən illik 7.5 milyon ton gücündə yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının inşa olunması planlaşdırılır. Artıq bu istiqamətdə mühüm tədbirlərə start verilmişdir.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro 5 standartına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin mərhələli şəkildə icra edilərək, 2024-cü ilin sonu - 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.Son olaraq qeyd etmək istərdik ki, ən müasir standartlara cavab verən tam yeni qurğuların inşası, SOCAR-ın qlobal reytinqinin artmasına, kəmiyyət və keyfiyyət göstəricilərinin lazımı səviyyədə təmin edilməsi üçün texnoloji rejimin rahat və təhlükəsiz şəraitdə aparılmasına, tam komplekt mexaniki və texnoloji zəmanətlərin əldə olunmasına, ekoloji cəhətdən daha təmiz istehsalatların yaradılmasına, ölkə əhalisinin etibarlı və davamlı şəkildə uzun illər ərzində ən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə, neft-kimya istehsalatları üçün tələb olunan xammalının istehsalına, növbəti 4-5 il ərzində layihənin icrası zamanı minlərlə yeni iş yerlərinin açılmasına, yüzlərlə yerli şirkətlərin işlə təmin edilməsinə xidmət edəcək.