Xəbərlər arxivi

20 Iyun 2019

“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıya gətirildi

Qurğu modernləşdirildikdən sonra SOCAR-ın CDC şirkəti tərəfindən Xəzər dənizi akvatoriyasında qazma əməliyyatlarına cəlb olunacaqdır

+

Qazaxıstan Respublikasının Ersay limanından yola düşmüş “KazMunayGaz”-ın “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın Caspian Drilling Company (CDC) MMC-nin müasir dəniz təchizat və loqistika bazasına yan almışdır. Qurğunun qarşılanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişlər. Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik CDC-nin müasir təchizat və logistika bazasında Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçiriləcəkdir. Modernləşdirmə işlərinin cari ilin sonunda yekunlaşması gözlənilir. Modernləşdirildikdən sonra qurğu ilə 6000 metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti aratacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcəkdir.

Qurğunun qarşılanma mərasimindən sonra SOCAR və “KazMunayQaz rəhbərliyi Heydər Əliyev adına Dərin Özüllər Zavoduna baş çəkmiş, SOCAR-ın “BOS Şelf” müəssisəsinin həyata keçirdiyi layihələrlə tanış olmuşlar.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən ”Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilimişdir.

''KazMunayGaz'' milli şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən operatordur. Şirkət 2002-ci ildə yaradılmışdır. Onun tərkibində 190-dan çox təşkilat birləşmişdir. ''KazMunayGaz''-ın səhmdarları ''Samruk-Kazyna'' Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10% ).

CDC şirkəti 1996-cı ildə yaradılmışdır. Hazırda SOCAR-ın CDC-dəki payı 92.44%-dir. CDC Şirkətinə məxsus “Dədə Qorqud” (1996), “İstiqlal” (1998) və “Heydər Əliyev” (2017) adına yarımdalma qazma qurğuları hazırda Xəzər dənizinin Azərbaycana aid hissəsində müxtəlif beynəlxalq miqyaslı layihələrdə fəaliyyət göstərir.