Xəbərlər arxivi

30 Yanvar 2019

SOCAR Kayseri və Bursanı təbii qaz ilə təchiz edəcək

+

Türkiyənin ən böyük xarici investoru olan SOCAR Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın almışdır. SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Təbii qazın paylanması biznesi Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq, Azərbaycan və Türkiyəyə əlavə dəyər qazandıracaqdır”. Genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR, “EWE Turkey Holding”ə daxil olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini satın almışdır. Son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərək layihəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsilə əməliyyatlarını genişləndirir. “EWE Turkey” şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcəkdir. Satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

Təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq mühüm halqalardan biri olduğunu vurğulayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycanın qlobal brendi olan SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə 1,2 milyard kubmetr təbii qazın topdan satışını həyata keçirir. Ötən il istismara verilmiş TANAP boru kəmərimiz Azərbaycandan təbii qazın nəqli üçün daha da əlverişli şərait yaratmışdır. EWE şirkətinin Türkiyədəki aktivlərinin satın alınması ilə yaradılan sinerjilər Azərbaycan və Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə əlavə dəyər qazandıracaq. Beləliklə, SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik”.

Türkiyənin 4-cü böyük təbii qaz tədarükçüsü

2007-ci ildə Türkiyə bazarına daxil olan EWE Turkey Holding enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi. Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding 2017-ci ilin sonuna qədər təxminən 2.4 milyard TL-lik dövriyyəyə nail olmuşdu.

29 Yanvar 2019

2018-ci il üzrə qazma, hasilat və ixrac göstəriciləri

+

• SOCAR il ərzində 160 min metrdən artıq qazma işi həyata keçirmişdir 1

• SOCAR-ın qaz hasilatı əvvəlki il ilə müqayisədə 7,2% artmışdır

• Ölkə üzrə 38,8 milyon ton neft2 və 30,49 milyard kubmetr qaz hasil edilmişdir

• 2018-ci ildə SOCAR tərəfindən 23,88 milyon ton xam neft3 , 1,8 milyon neft emalı və neft-kimya məhsulları 4, 1,42 milyard. kubmetr qaz5 ixrac edilmişdir

• Ötən il şirkət reallaşdırdığı təbii qazın 89%-ə yaxın6 hissəsini Azərbaycanın daxili tələbatına yönləndirərək, ölkədaxili tələbatı tam təmin etmişdir 2018-ci il üzrə SOCAR-ın əsas effektivlik göstəriciləri üzrə artım davam etmişdir. İl ərzində SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6% çoxdur.

2018-ci ildə SOCAR üzrə hasilat 7,54 milyon ton neft7 , 6,53 milyard kub metr qaz8 təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6% və 7,2% nisbətində yüksəlmişdir. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunmuşdur. Beləliklə illik neft hasilatı nisbətən sabit qalmış9 , qaz hasilatı isə 6,6% artmışdır.

Ötən il SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 milyon ton emal olunmuş neft və neft-kimya məhsulu ixrac edilmişdir.

SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı10 Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə etmişdir. Beləliklə birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbat tam ödənilmiş, qalan 2 milyard kubmetrə yaxın 11qaz həcmi qaz anbarlarına vurulmuş, 1,42 milyard kubmetr təbii qaz12 isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmişdir.

Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr13 təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 11%14 çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz15 ixrac olunmuşdur.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: “Kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik. Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcəkdir.”

Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.

1- Əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla: 160.240 m

2- 38,814 milyon ton

3- 23,879 milyon ton

4- 1,821 milyon ton

5- 1 milyard 423 milyon m3

6- 88,74% <

7- 7,542 milyon ton

8- 6 milyard 525,6 milyon m3

9- Mütləq ifadədə ilə 0,32% artım qeydə alınmışdır.

10 11 milyard 216 milyon m3

11- 1 milyard 993 milyon m3

12- 1 milyard 423 milyon m3

13- 9 milyard 438 milyon m3

14- 11,1%

15- 2 milyard 208 milyon m3

29 Yanvar 2019

SOCAR 2018-ci ildə büdcə ödənişlərini 6,2%, DSMF-yə ödənişləri isə 10,6% artırıb

+

SOCAR 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəmişdir. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2% artmışdır. Bundan əlavə, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 172 milyon 469 min manat vəsait ödəmişdir ki, bu da 2017-cı ilin analoji dövrü ilə müqayisədə 10,6% artım təşkil etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev şirkətin gəlirliliyinin artması ilə bağlı demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutuaraq, SOCAR inteqrasiya olunmuş müasir qlobal enerji şirkətinə çevrilməsi və əməliyyat effektivliyinin artırılması istiqamətində son 10 ildə bir çox zəruri islahatlar həyata keçirmiş, o cümlədən göstərdiyi xidmət və istehsal etdiyi əmtəə növlərini bütün dəyər zənciri üzrə şaxələndirməyə başlamışdır. Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur, dövlət büdcəsinə ödənişlərini ilbəil artırır.”

28 Yanvar 2019

SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkəti anlaşma memorandumu imzaladılar

+

Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir. Qazaxıstan nümayəndə heyətində həmçinin KazMunaqQaz MŞ-nin idarə heyətinin sədrinin Kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini Qurmanqazı İskaziyev və “Kaztransoyl” Səhmdar Cəmiyyətinin baş direktoru Dimaş Dosanov, “Kazmortransflot” Milli Dəniz Daşıma Şirkətinin baş direktoru Marat Ormanov təmsil olunmuşlar. Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, birgə iş planı barədə fikir mübadiləsi aparılmışdır. Daha sonra SOCAR və KazMunayQaz şirkətlərinin rəhbər şəxsləri anlaşma memorandumu imzalamışlar.

Memorandum şirkətlər arasında geniş əməkdaşlıq perspektivlərini, o cümlədən daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Memorandum cərçivəsində atılacaq ilk konkret addım olaraq, “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirlməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur.

Görüş çərçivəsində həmçinin SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə Qazaxıstanın “Kazmortransflot” LLP (NMSC) Milli Dənizçilik Loqistika Şirkəti arasında karbohidrogen resurslarının nəqli sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı niyyət protokolu imzalanmışdır.

Rəsmi görüş və müzakirədən sonra qonaqlar SOCAR Tower-də ölkəmizin qədim neft tarixini və yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olmuşlar.

Qeyd edək ki, ''KazMunayGaz'' Milli Şirkəti” Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşmişdir. ''KazMunayGaz''-ın səhmdarları ''Samruk-Kazyna'' Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%).

21 Yanvar 2019

Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub

+

17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunmuşdur. Kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılmışdır. Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir. Bu ana gədər toplanmış məlumatlara əsaslanaraq məlum olmuşdur ki, önləyici tədbirlər insan tələfatının qarşısını almış və iqtisadi itkiləri minimuma endirmişdir. Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır.

Əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Neft Daşları” NQCİ-nin istehsalat ərazisində, “Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydança çökmüş, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılmışdır.

Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılmış, 588 saylı meydançadan 730 saylı meydançaya gələn neft-qaz xətti yüngül zədələnmişdir. Digər yataqlarda belə hallar aşkar olunmayıb.

Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanmışdır.

Qeyd edək ki, yanvarın 17-dən 18-nə keçən gecə şiddətli qasırğa nəticəsində dənizdə küləyin sürəti saatda 140-150 km həddinə çatmış, dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrdən çox olmuşdur. Qasırğalı hava şəraiti ilə bağlı risklərin öncədən dəqiq qiymətləndirilməsi və genişmiqyaslı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatının qarşısı alınmış, böyük iqtisadi itkilərə yol verilməmiş, gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmamışdır.

SOCAR bundan sonra da hava şəraiti ilə bağlı verilən hava proqnozuna uyğun riskləri dəyərləndirəcək və vacib önləyici tədbirləri görəcəkdir.

20 Yanvar 2019

SOCAR kollektivi Şəhidlər Xiyabanını ziyarət etmişdir



+


Yanvarın 20-də SOCAR-ın rəhbərliyi və kollektivinin təmsilçiləri 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə bəslədikləri dərin ehtiramın ifadəsi olaraq, məzarları üzərinə tər çiçəklər düzmüş, ruhları qarşısında baş əymişlər.

16 Yanvar 2019

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500 nəfərə yaxın neftçi təxliyyə edilmişdir

+

Yanvarın 16-sı saat 18:00-a olan məlumata görə SOCAR yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirmişdir. Bütün sahələrdə növbətçilik təşkil olunmuş, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədi ilə növbətçilər sahələrdə saxlanılmışdır. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülmüşdür.

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılmış, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilmişdir.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac idarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

16 Yanvar 2019

SOCAR Karbamid Zavodu istismara verildi

+

• SOCAR-ın Karbamid zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaqdır

• Zavod il ərzində 650-660 min ton istehsal gücünə malikdir

• Yüksək azot tutumuna malik karbamid gübrəsinin istehsalı Azərbaycanın kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək

• İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək Yanvarın 16-da Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə SOCAR-ın Karbamid Zavodunun təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə SOCAR rəhbərliyi, zavodun tikintisində iştirak edən şirkətlərin təmsilçiləri iştirak etmişlər.

Ölkə başçısına bildirilmişdir ki, SOCAR son illərdə əməliyyatların dayanıqlığını təmin etmək və bir əmtəə növündən asılılığını azaltmaq məqsədi ilə neft-qaz və qaz-kimya sektorunu genişləndirmək xətti götürüb. Karbamid zavodu planlı və mərhələli şəkildə ərsəyə gətirilən böyük dəyər zəncirinin bir hissəsidir. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həll olma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcəkdir. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda zavod ölkəmiz üçün əlavə gəlir mənbəyinə çevriləcək.

Ölkə başçısına məruzə edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən artıq işçi cəlb olunmuşdur. Hazırda zavodda təxminən 500 nəfər daimi işlə təmin edilib. Bunun üçün SOCAR öz təhsil və təqaüd proqramlarının vasitəsi ilə zəruri səriştəliklərə malik olan mütəxəssisləri öncədən hazırlamışdır. Zavodun inşaat işlərində təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilmiş, 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilmişdir.”

SOCAR-ın Karbamid zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilmişdir. 27 yanvar 2017-ci il tarixində Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə Societe Generale (Fransa), Deutsche Bank (Almaniya) və UniCredit (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilmişdir. Tərəfdaş bankların dəstəyi ilə cəlb edilən uzunmüddətli kapital dövlət büdcəsinin yükünü azaltmışdır. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən təxminən 100 milyon avro məbləğində vəsait ayrılmışdır.

Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən, ammonyak üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında həyata keçirilmişdir. Finlandiyanın “Neste Engineering Solutions Oy ” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.

15 Yanvar 2019

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 1700-dən çox neftçi təxliyyə ediləcək

+

Yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilmiş, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılmış, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilmişdir, zəruri sahələrdə növbətçilik təşkil olunmuşdur.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

14 Yanvar 2019

Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir

+

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə yanvarın 11-də Fransa Respublikasının paytaxtı Paris şəhərində BP, ENİ, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə keçirilən “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” adlı tədbirdə iştirak edib. Rəfiqə Hüseynzadə SOCAR-ın bu təşəbbüsə qoşulduğunu tədbirdə rəsmi şəkildə bəyan edib və deyib: “Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir”.

SOCAR 2008-ci ildən Dünya Bankının GGFR (“Global Gas Flaring Reduction”) Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür. Həyata keçirilən layihələr əsasında 20 ildən artıq müddətdə il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Dünya Bankının Ekspert Şurası SOCAR tərəfindən hazırlanan bu layihələri iki dəfə ali mükafata layiq görüb. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.

More