Xəbərlər arxivi

23 Noyabr 2018

SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq

+

Türkiyənin ən böyük xarici investoru olan SOCAR, tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanmışdır. “SOCAR Türkiyə” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi açılan İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanmışdır. Hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcəkdir. Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR, dünyanın illik potensialı 200 milyon sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcəkdir.

“SOCAR Türkiyə” şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini söyləmişdir: “2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14.2 milyard dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə “SOCAR Türkiyə”nin Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox mühüm ölkədir. Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə çalmağımızı böyük sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil.”.

9 stansiyanın 5-i perronda, 1-i karqo daşıma sahəsində, 2-si avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək. 2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcəkdir. “SOCAR Türkiyə”nin hava limanın perron hissəsində yerləşən 5 stansiyası “THY-TGS-Çelebi-HAVA-IGA Yer İşletmeleri”nə aid 4.000-dən çox avtomobili yanacaqla təmin edəcək. Hava limanının qərb hissəsində gömrük anbarları, agentlik binaları, gömrük ofisləri və bütün logistik əməliyyatların daxil olduğu karqo şəhərciyində yer alan 5.000 kv.metrlik sahədə yerləşən stansiya isə karqo şirkətlərinin 1.000-dən çox avtomobili ilə yanaşı sərnişinlərə, onları qarşılayan və yola salan şəxslərə xidmət göstərəcək. Avtomobil dayanacağı ərazisindəki digər iki SOCAR stansiyası hər gün 30-dan çox avtomobil kirayələmə şirkətinə aid 1.200 avtomobilin yanacaq təminatını həayat keçirəcək. SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10.000 avtomobilin istifadə etməsi planlaşdırılır.

15 Noyabr 2018

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni qurğular quraşdırılacaq

+

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində ''Larsen&Toubro;'' şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru Heydər Əliyev adına NEZ-ə gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaqdır. Reaktorun uzunluğu 32,7 metr, eni 8,4 metr, hündürlüyü isə 6,6 metrdir. Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru ''Larsen&Toubro;'' şirkətinin Hindistanın Hazira vilayətində yerləşən zavodundan uzun qoşqulu tırlarda Adani limanına və buradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına gətirilmişdir. Konstansa limanında karqo çay gəmisinə yüklənərək, Volqa-Don kanalı vasitəsilə Bakıya, “Neftqaztikinti” trestinin “Zığ” istehsalat sahəsinə çatdırlmışdır. Bundan sonra Reaktor çoxqoşqulu tırlar vasitəsi ilə Heydər Əliyev adına NEZ-in iş sahəsinə gətirilmişdir.

Zavodun Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində ilkin olaraq Dizelin hidrotəmizlənməsi qurğusu üçün nəzərədə tutulmuş avadanlıqlardan hidrogenizatın buxarlandırıcısı (32-K-001) kolonu NEZ-ə çatdırılmışdır. “Tekfen” şirkətinə məxsus uzunluğu 34 metr, diametri 4 metr və 2,6 metr, çəkisi 150 tona yaxın olan bu avadanlıq Türkiyənin Dərincə vilayətindən Qaradəniz-Volqa-Don kanalı-Xəzər dənizi marşurutu ilə 35 gün müddətinə Heydər Əliyev adına NEZ-ə çatdırılmışdır. Həmçinin kükürdün alınması qurğusu üçün nəzərdə tutulmuş “AMD international SRL” şirkətinin istehsalı olan 130 ton çəkiyə malik 2 ədəd termoreaktor və “Daekyung Machinery& Engineering Co. td” tərəfindən istehsal olunmuş 6 ədəd dizelin hidrotəmizlənməsi qurğusunun reaktorunun xammalının qızdırılması üçün istidəyişdiricilər də artıq zavoda çatdırılmış, quraşdırılma prosesinə start verilmişdir.

Xatırladaq ki, layihənin planlaşdırılan tarixlərdə tamamlanmasını təmin etmək üçün reaktorun istehsalına 2017-ci ilin iyul ayında müqavilənin imzalanmasından dərhal sonra başlanmış və tamamlanması, ümumilikdə, 14 ay çəkmişdir. Ümumilikdə Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 3 mərhələsi çərçivəsində 14 yeni qurğunun inşası nəzərdə tutulur. I mərhələ cari ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi ilə yekunlaşacaq. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyətli dizel yanacağının alınması, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyətli benzin məhsullarının istehsalı nəzərdə tutulur. Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5-8 milyon tona qədər artırılacaq, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı mümkün olacaqdır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcəkdir.