Xəbərlər arxivi

17 Sentyabr 2019

SOCAR və tərəfdaşları Qaradağda meşə massivinin salınmasına başlamışlar

+

Sentyabrın 17-də Bakının Qaradağ rayonunda yerləşən SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) SOCAR, BP və BMT-nin İnkişaf Proqramının yeni birgə layihəsinə start verildi. Layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 25 hektar ərazidə yeni meşə massivi salınacaq. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və layihə rəhbəri Rəfiqə Hüseynzadə iştirak etmişlər.

Tədbir iştirakçıları ilk olaraq ərazidə yerləşən Tulantıların İdarə Edilməsi Mərkəzinin işi ilə tanış olmuşlar. Mərkəz barədə qonaqlara ətraflı məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə qeyd etmişdir ki, TİEM MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı və idarə edilməsi üzrə ilk və yeganə mərkəzdir. 2016-cı ildə TİEM yenidən qurulduqdan sonra burada qazma şlamlarının emalına başlanmışdır. Bildirilmişdir ki, hazırda 150 nəfər əməkdaşı olan mərkəzin illik istehsalat gücü 100 min tondur. Emaldan sonra qazma şlamının tərkibində olan qiymətli kimyəvi reagent yüksək keyfiyyətdə bərpa olunaraq təkrar qazma prosesində istifadə edilir. Həmçinin, ərazidə quraşdırılmış su təmizləyici qurğular vasitəsi ilə mərkəzdə formalaşan istehsalat suları texniki su səviyyəsinədək təmizlənərək salınacaq yaşıllıqların suvarılmasında istifadə olunacaqdır. Qonaqlara yeni meşə massivinin layihəsi haqqında məlumat verilmişdir.

Sonda ərazidə tədbir iştirakçılarının tərəfindən 400 eldar şamı əkilmişdir. Ümumilikdə isə SOCAR, BP və BMT İP-nin dəstəyi ilə TİEM ətrafında 30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur.

13 Sentyabr 2019

SOCAR prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüşmüşdür

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp ilə görüş keçirmişdir. Görüşdə SOCAR və Böyük Britaniya şirkətləri arasında uzunmüddətli əməkdaşlıq ənənələrin yarandığı qeyd olunmuş, bu ənənələrin inkişaf etdiriliərək, genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Neft və qaz müqavilələrinin icra edilməsində Azərbaycanın etibarlı və stabil tərəfdaş olmasını yüksək qiymətləndirən Böyük Britaniya səfiri SOCAR ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini bildirmiş, bu əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulamışdır.

SOCAR-ın prezidenti BP şirkətinin timsalında Böyük Britaniya şirkətləri ilə reallaşdırılan birgə layihələrdən söz açmış, bu layihələrin həyata keçirilməsi prosesində hər iki şirkətin ortaq əməkdaşlıq dəyərlərinə və strateji baxışa sadiq olduğunu qeyd etmişdir. Rövnəq Abdullayev SOCAR-ın beynəlxalq əməkdaşlıqda əsas hədəf olaraq məhz Azərbaycan vətəndaşlarının peşəkar mütəxəssis kimi inkişafının stimullaşdırılmasına önəm verdiyini söyləmiş, başlıca prioritetin xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün beynəlxalq təlim və treninqlər keçirilməsi, iş imkanları yaradılması kimi məsələlərin olduğunu vurğulamışdır.

Görüşdən sonra qonaqlar SOCAR TOWER-dəki interaktiv neft muzeyi ilə tanış olmuşlar.