KARYERA

SOCAR da iş həyatı

SOCAR da iş həyatı
Prev Next

SOCAR da iş həyatı

SOCAR-da iş həyatı

Env Txt Img

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz işçilərinin əməyinin daha da səmərəli təşkil olunması üçün sosial təminat, motivasiya və qeyri-maddi stimullaşdırma istiqamətləri çərçivəsində aşağıdakı tədbirləri həyata keçirir:

∙ İşçilərə təyinatlı maddi yardımın göstərilməsi;
Şirkətdə qüvvədə olan “Maddi yardımın göstərilməsi haqqında Əsasnamə”yə uyğun olaraq təqdim edilir. Həmin Əsasnaməyə müvafiq olaraq, Şirkətin işçiləri və onların ailə üzvləri ödəniş almağa iddia edə bilərlər. Maddi yardımın verilməsi haqqında qərarı ARDNŞ-nin müəssisələrində xüsusi yaradılmış, tərkibinə həmkarlar ittifaqının nümayəndələri daxil olan Maddi yardımın verilməsi komissiyaları qəbul edir. Bundan əlavə, maddi yardım ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin göstərişinə uyğun olaraq verilə bilər.
Maddi yardımın alındığı hallar aşağıdakı kimidir:
Şirkət işçisinin Qarabağ müharibəsi və ya 20 yanvar 1990-cı il hadisələri nəticəsində vəfatına görə Şirkətin işçisinin övladı 18 yaşa (əyani təhsil aldığı halda 23 yaşa) çatana qədər ona himayəlik edən ailə üzvlərindən birinə Şirkət işçisinin minimal aylıq əmək haqqısının 5 misli ödənilir.
Şirkət işçisinin ailə üzvünün vəfatına görə Şirkətin işçisinə minimal aylıq əmək haqqının 5 misli ödənilir.
Şirkət işçisinin vəfatına görə Şirkət işçisinin ailə üzvlərindən birinə Şirkətin işçisinin minimal aylıq əmək haqqısının 20 misli, Şirkətin işçisinin övladı 18 yaşa (əyani təhsil aldığı halda 23 yaşa) çatana qədər ona himayəlik edən ailə üzvlərindən birinə Şirkətin işçisinin minimal aylıq əmək haqqısının 2.5 misli ödənilir.

∙ mənzil şəraitinin yaxşılaşdırılması;
ARDNŞ-də istər iş yeri üzrə mənzil növbəsində olan, istərsə də mənzil növbəsində olmayıb yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin qısa müddətdə yaşayış sahəsi ilə təminatını həyata keçirmək məqsədilə ARDNŞ tərəfindən “Neftçi” mənzil tikinti kooperativi təsis edilmişdir. Hal-hazırda ARDNŞ üzrə mənzil uçotunda olanların mənzil və ya fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması onların müraciətləri əsasında mənzil uçotuna götürüldükləri tarixə uyğun olaraq “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə istər Bakı şəhərində, istərsə də Respublikamızın müxtəlif rayonlarında ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına keçirilmişdir.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin “Neftçi” mənzil tikinti kooperativinə (MTK) üzvlüyü barədə Qaydalar”a əsasən “Neftçi” mənzil tikinti kooperativinə üzvlük ARDNŞ üzrə mənzil uçotunda olan işçilərin müraciətləri əsasında mənzil uçotuna götürüldükləri tarixə uyğun olaraq həyata keçirilir. O cümlədən ARDNŞ-nin təqaüd proqramı çərçivəsində təhsilini başa vurub şirkətdə işə qəbul edilən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilər də müraciətləri əsasında “Neftçi” MTK-ya üzv qəbul edilirlər. Mənzil uçotunda olan işçilərin uçota götürüldükləri tarixlərə uyğun olaraq seçdikləri mənzillərin dəyərinin bir hissəsi ARDNŞ, digər hissəsi isə işçi tərəfindən kooperativə ödənilir.
Təqaüd proqramı ilə təhsilini başa vurub ARDNŞ-də işə qəbul olunmuş və “Neftçi” MTK-ya üzvlüklə bağlı müraciət etmiş işçilər üçün isə 2 otaq norma olaraq qəbul edilmişdir. Bu qəbildən olan işçilərin norma daxilində seçdikləri sahənin dəyərinin 50 %-i ARDNŞ tərəfindən ödənilir.
Kooperativə üzv qəbul edilmiş işçilər ödəniləcək məbləğin üzərilərinə düşən hissəsini “Neftçi” mənzil tikinti kooperativinin hesablaşma hesabına üzv olduqları layihənin icra müddətində ödəməlidirlər. ARDNŞ, “Xalq Bank” ASC və “Neftçi” mənzil tikinti kooperativi arasında imzalanmış Çərçivə Sazişinə əsasən kooperativə üzv qəbul edilmiş işçilər istədikləri təqdirdə ARDNŞ-nin məktubu əsasında bu məbləği illik 4 % olmaqla 10 ilə qədər müddətə kredit hesabına ödəyə bilərlər.
Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan içilərin də “Neftçi” mənzil tikinti kooperativi tərəfindən mənzil və ya fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahəsi ilə təmin edilmələri nəzərdə tutulur.

∙ tibbi xidmətlərin təqdim edilməsi;
Şirkət müxtəlif tibbi müayinələrin keçirilməsi, ambulator müşahidə və təcili yadım üçün vəsaitlər ayırır. 1 yanvar 2012-ci ildən başlayaraq Şirkət könüllü tibbi sığorta sisteminə keçib. Könüllü sığorta müqaviləsinə uyğun olaraq ARDNŞ işçilərinin istifadə edə biləcəyi tibb müəssisələrinin sayı və eynilə göstəriləcək xidmətlərin çeşidi artacaq. Bundan əlavə, Şirkət öz təqaüdçülərinə pulsuz tibbi yardım almaq imkanını verir.

∙ işçilərin və onların ailə üzvlərinin istirahətinin təşkil edilməsi;
İşçilər və onların ailə üzvləri hər il sanatoriya-kurort və sağlamlıq müəssisələrinə pulsuz və ya qismən ödənişli göndərişlər alır. Şirkət sosial siyasətin bu istiqamətinin dəstəklənməsini gələcəkdə də davam etdirmək niyyətindədir. İşçilərin sağlamlaşdırılması və sanatoriya müalicəsi üzrə proqramların stabil maliyyələşdirilməsi müəssisələrə əməyin səmərəsinə təsir göstərən peşəkar xəstəliklər riskini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verir.

"Neftçilər günü"
1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin sənayesinin və iqtisadiyyatının inkişafında tarixi bir gün oldu. Həmin gün bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. "Əsrin müqaviləsi" Azərbaycanın neft və iqtisadiyyat tarixinin yeni şanlı dövrünün əsasını qoydu. Azərbaycan dünyanın məşhur 10 xarici neft şirkəti ilə ilk dəfə idi ki, belə böyük miqyasda saziş imzalayırdı. Bununla "Əsrin müqaviləsi" Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.
Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
"Neftçilər günü"ndə adətən neft sənayesində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir..


ətraflı oxu +