Testləşdirmə

Test imtahan qaydaları


İŞƏ QƏBUL

Test tapşırıqlarının strukturu

➣ Qulluqçu (rəhbər işçi, mütəxəssis və texniki icraçı) kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsində 4 blokdan ibarət olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir:
1.İxtisas (vakansiya üzrə tələb olunan ixtisas sahəsi) üzrə test tapşırıqları;
2.Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə test tapşırıqları;
3.Azərbaycan və SOCAR-ın fəaliyyəti haqqında test tapşırıqları;
4.Kompüter biliklərinin yoxlanılması üzrə test tapşırıqları.
Test tapşırıqlarının cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.

➣ Fəhlə kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsində 2 blokdan ibarət olmaqla ümumilikdə 20 test tapşırığı təqdim edilir:
1.İxtisas (vakansiya üzrə müvafiq peşə sahəsində biliklərin yoxlanılması üzrə) üzrə test tapşırıqları;
2.Azərbaycan tarixi və SOCAR-ın fəaliyyəti haqqında test tapşırıqları. Test tapşırıqlarının cavablandırılmasına ayrılan vaxt 40 dəqiqədir.

Namizədin imtahan nəticələrinin qiymətləndirilməsi - test imtahanında namizədin cavabları bal sistemi tətbiq edilməklə qiymətləndirilir. Qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir.

Test imtahanı üzrə yekun keçid balı – test imtahanı üzrə yekun keçid balı həmin imtahandan sonra formalaşan və müvafiq imtahan üzrə ən aşağı balı toplayaraq müvəffəqiyyətlə keçmiş namizədin balına bərabər olan göstəricidir. Plan yerinə uyğun test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərin müəyyənləşdirilməsi onların topladıqları ballara uyğun olaraq yuxarıdan aşağı olmaqla həyata keçirilir. Keçid balı test imtahanında iştirak edən namizədlərin sayından, imtahan nəticələrindən və plan yerlərindən asılı olur.

Test imtahanını müvəffəqiyyətlə keçən – test imtahanı üzrə yekun keçid balını və ondan yüksək balı toplayanlar imtahandan müvəffəqiyyətlə keçmiş sayılırlar. Hər hansı bir blok üzrə müəyyənləşdirilmiş keçid balını toplamayanlar topladığı ümumi baldan asılı olmayaraq növbəti mərhələyə buraxılmırlar. Namizədlərin topladıqları ballar eyni olduqda çəki əmsalı daha yüksək olan test bloku üzrə yuxarı bal toplamış namizəd test imtahanını müvəffəqiyyətlə keçmiş sayılır. Çəki əmsalları üzrə ardıcıl “ixtisas”, “məntiq”, “Azərbaycan və SOCAR-ın fəaliyyət istiqamətləri” və “kompüter bilikləri” blokları olmaqla götürülür.

Test blokları üzrə keçid balı – sifarişə uyğun olaraq test imtahanında təqdim edilən test bloklarının hər biri üzrə müəyyənləşdirilmiş minimal keçid balıdır. Hər hansı test bloku üzrə minimal keçid balını toplamayanlar topladığı ümumi baldan asılı olmayaraq imtahandan keçmirlər. Namizəd hər bir test bloku üzrə minimal keçid balını toplamaq üçün bloklar üzrə verilmiş test tapşırıqlarının minimum aşağıdakı göstərilən faiz nisbətinə uyğun sayda doğru cavablandırmalıdır:

“İxtisas” üzrə test tapşırıqlarının - ən azı 30 faizini;

“Məntiqi təfəkkürün yoxlanılması” üzrə test tapşırıqlarının - ən azı 20 faizini;

“Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” üzrə test tapşırıqlarının - ən azı 20 faizini;

“Kompüter bilikləri” üzrə test tapşırıqlarının - ən azı 20 faizini.

Unutmayın ki, hər hansı test bloku üzrə minimal keçid balını toplamayanlar həmin imtahan üzrə müəyyənləşdirilmiş keçid balını toplamalarından asılı olmayaraq növbəti mərhələyə buraxılmırlar.

Hər bir namizəd etibarlılıq müddəti başa çatmamış, üzərində şəkli əks olunmuş şəxsiyyətini təsdiq edən sənədin əslini (etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqəsi, hərbi bilet, xarici pasport, sürücülük vəsiqəsi, işçi vəsiqəsi və s.) təqdim etməklə test imtahanına buraxılır.

İŞÇİLƏRİN PEŞƏKARLIQ SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Test tapşırıqlarının strukturu


➣ İşçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün keçirilən müsabiqənin test imtahan mərhələsi 40 sualdan ibarətdir.
1. İxtisas sualları (vakansiya üzrə tələb olunan ixtisas sahəsi)
2. Komputer və ya ƏMTT üzrə test tapşırıqları
Sualların cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.

XİDMƏTİ FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ

Test tapşırıqlarının strukturu


➣ Xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi 100 sualdan ibarətdir.
1. İxtisas sualları (vakansiya üzrə tələb olunan ixtisas sahəsi)
2. Məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları
3. Komputer bilikləri üzrə suallar
4, ƏMTT üzrə test tapşırıqları
Sualların cavablandırılmasına ayrılan vaxt 150 dəqiqədir.

YAY MƏKTƏBLƏRİNƏ NAMİZƏDLƏRİN SEÇİLMƏSİ

Test tapşırıqlarının strukturu


➣ Yay məktəbi üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi Məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim edilən 40 test tapşırığından ibarətdir.
Sualların cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.

YAY DÜŞƏRGƏLƏRİNƏ ŞAGİRDLƏRİN SEÇİLMƏSİ

Məktəblilər üçün Yay düşərgəsi üzrə müsabiqənin test imtahan sualları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris proqramına uyğun olaraq hazırlanır.
Test imtahanında məktəblilərə tədris olunan fənlər üzrə 35 ədəd test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına ayrılan vaxt 90 dəqiqədir.

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU

Test tapşırıqlarının strukturu Təlim Mərkəzlərinə Şagird Qəbulu üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi 50 sualdan ibarətdir.

1. “Riyaziyyat” fənni üzrə - 20 test tapşırığı;

2. “Fizika” fənni üzrə - 10 test tapşırığı;

3. “Kimya” fənni üzrə - 10 test tapşırığı;

4. “Milli dövlətçilik və Azərbaycan tarixi” üzrə – 5 test tapşırığı;

5. “Məntiq” üzrə - 5 test tapşırığı.

İmtahan prosesində test tapşırıqlarının cavablandırılmasına 75 dəqiqə vaxt ayrılır.

ÖDƏNİŞLİ İSTEHSALAT TƏCRÜBƏSİ PROQRAMI

Ödənişli istehsalat təcrübəsi proqramı üzrə müsabiqənin test imtahanı mərhələsində 4 blokdan ibarət olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir:
1.İxtisas üzrə test tapşırıqları;
2.Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə test tapşırıqları;
3.Azərbaycan və SOCAR-ın fəaliyyəti haqqında test tapşırıqları;
4.Kompüter biliklərinin yoxlanılması üzrə test tapşırıqları.
Test tapşırıqlarının cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.