ƏN SON XƏBƏR
Dəniz obyektlərində çalışan neftçilərin COVİD-19 əleyhinə peyvənd olunmasına başlanılıb
Dəniz obyektlərində çalışan neftçilərin karantində olan birinci qrupunun COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına artıq başlanılmışdır.
Bu qrupdan olan SOCAR əməkçiləri dənizdəki iş yerlərinə karantin müddətini tam keçdikdən sonra göndəriləcək, iş növbəsini başa vurub qayıtdıqdan sonra isə vaksinasiya qaydalarına uyğun olaraq, ikinci dəfə peyvənd olunacaqlar. Vaksinasiyadan keçmiş və ya COVİD-19 infeksiyasına yoluxaraq orqanizmlərində anticism yaranmış işçilərin isə karantində saxlanılmadan birbaşa işə cəlb ediləcəyi nəzərdə tutulur.
Hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulmuş, zəruri tədbirlər görülmüşdür.

SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək
Fevralın 19-dan 21-ə kimi Chess.com saytında “online” formatda Korporativ Şirkətlər üzrə ilk Dünya Şahmat Çempionatı keçiriləcəkdir.
Bu mötəbər yarışda dünyanın “Global 500” siyahısında yer alan Facebook, Google, Morgan Stanley, Gazprom kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da “ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaqdır. Şirkətimizi yarışda üç həmkarımız - Baş Ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, Azneft İB-nin Qazma mühəndisliyi və əməliyyatlar Departamentinin böyük mühəndisi Cavid İbişov, Baş Ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili Departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcəkdir.
Nizamnaməyə əsasən hər bir iştirakçı şirkət FİDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.
Yarışda iştirak edəcək “legionerlər” siyahısında Dünya çempionu Maqnus Karlsen, Namizədlər Turnirinin iştirakçıları Yan Nepomnyaşşiy və Aniş Giri, tanınmış qrossmeysterlər Anton Korobov, Vladislav Artemyev, Radoslav Voytaşek, Vladimir Malaxov, Georq Mayer və başqaları vardır.
socar.space saytı fırıldaq məqsədi ilə açılıb və SOCAR-la heç bir əlaqəsi yoxdur
İnternetdə socar.space ünvanında açılmış saytın desktop versiyasında Gazprom şirkəti, mobil versiyasında isə SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur.
SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc imkanları təklif etmədiyini bildirir. Bu səhifə SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən açılıb. Müvafiq araşdırma aparıldıqdan sonra sözügedən səhifəni açmış şəxslərə qarşı SOCAR tərəfindən müvafiq hüquqi tədbirlər görüləcək. Eyni zamanda, SOCAR Azərbaycan vətəndaşlarına səsləyərək, fırıldaqçı socar.space saytına aldanmamağa və həmin saytda öz şəxsi məlumatlarını paylaşmamağa çağırır.
Londondakı məhkəmə üçüncü arbitral qərarı da SOCAR-ın lehinə qəbul etdi
2021-ci il fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan “Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılmışdır.
Londonda yerləşən məhkəmənin SOCAR qrupu və Palmali qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 000 000 ABŞ dolları məbləğini aşan pul təzminatı ödənilməlidir. Bu, SOCAR Qrupuna aid olan şirkətlərin Palmali Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.
Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnmişdir. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 000 000 ABŞ dolları məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilmişdir.
Qeyd: İstinad üçün birinci və ikinci arbitral qərar barədə əvvəlki məlumatlara baxa bilərsiniz.
Azərbaycan Dövlət Neft Şirkətinə baxış

Azərbaycanda neft tarixi haqda daha ətraflı bilgi almaq üçün sayta daxil olun
SOCAR-ı kəşf et
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…
ətraflı oxuBeynəlxalq reytinq
Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər
ətraflı oxu