Neftçala rayonunun qazla təminatı yeni layihələrə uyğun həyata keçirilir
[15.03.2010]
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Presidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illər Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni layihələr həyata keçirir. Regionların qaz təchizatının yaxşılaşdırılması, əhalinin mavi yanacağa olan tələbatının tam ödənilməsi istiqamətində işlər Neftçala rayonunda da sürətlənmişdir.
2009-cu il ərzində rayonun Xıllı qəsəbəsinin Qaraimanlı kəndi istiqamətində aşağı təzyiqli qaz kəmərinin 50 metrlik hissəsi dəyişdirilmiş, Həsənabad qəsəbəsində isə korroziyaya uğramış 20 metrlik qaz kəməri təmir edilmişdir. Şəhərin Heydər Əliyev prospekti ilə 20 yanvar küçəsinin kəsişdiyi yerdə yerləşən çöxmərtəbəli yaşayış binasının qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə yeraltı qaz xəttinin 60 metrlik hissəsi, Ə.Piriyev küçəsində qaz kəmərinin 33 metrlik, M. Əsədov küçəsində isə 25 metrlik hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Bankə qəsəbəsinin H.Əmanov və Səməd Vurğun küçələrindən keçən qaz xəttində qaztənzimləyici şkaf və siyirtmə quraşdırılmışdır.
Neftçala şəhərinin qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə 2010-cu ilin birinci yarısında Tatarməhlə açıq qazpaylayıcı stansiyasından rayon mərkəzinə gələn qaz kəmərinin 5456 metrlik hissəsinin yeni və müasir tələblərə cavab verən polietilen borularla əvəz edilməsi və halqavari sistemin yaradılması nəzərdə tutulmuşdur. Cari ildə həmçinin Bankə qəsəbəsinin C.Mikayılov və Ə.Gözəlov küçələrində qaztənzimləyici şkafların quraşdırılması, 20 yanvar küçəsində yerləşən çoxmərtəbəli binanın yeraltı qaz xəttinin yeniisi ilə əvəz olunması nəzərdə tutulur. Şəhərin Ə.Piriyev küçəsi ilə 2-ci Məhəlləyə gedən qaz kəmərinin yeraltı keçidlərinin və Həsənabad qəsəbəsinə gedən daşıyıcı qaz kəmərinin korroziyaya uğrayan hissələrinin yenisi ilə əvəz olunması, Xıllı qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin yeraltı keçid yerlərinin dəyişdirilməsi də yaxın aylar ərzində görüləcək işlər sırasındadır.
263
|