ARDNŞ-nin Təqaüd Proqramında iştirak edən tələbələr məntiqdən test imtahanı vermişlər [13.03.2010]
Martın 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin iştirakçıları üçün məntiqdən növbəti test imtahanı keçirmişdir. 2009-2010-cu tədris ilinin ikinci semestrində ARDNŞ təqaüdlərini almaq üçün müraciət etmiş 1055 nəfər tələbənin arasından müsabiqənin şərtlərinə cavab verən 929 namizəd bu turda iştirak etmişdir. Namizədlər məntiqi təfəkkürün yoxlanılması məqsədi ilə TQDK tərəfindən tərtib olunmuş 40 sualdan ibarət test tapşırığına cavab vermişlər. Suallardan 30-u üçün cavab variantı verilmiş, 10 sualın cavabı isə açıq buraxılmışdır. Hər cavab 1 (bir) balla qiymətləndiriləcək. Turun nəticələri ARDNŞ-nin və TQDK-nın saytında elan olunacaq. İmtahanda yüksək bal toplamış namizədlər ARDNŞ-nin təqaüd üzrə müsabiqəsinin ikinci turunda iştirak etmək hüququ qazanacaqlar. Həmin turda ARDNŞ-nin mütəxəssislərindən təşkil olunmuş komissiya namizədlərlə müsahibə aparacaq. Bu il ARDNŞ-nin təqaüdünün verilməsi üzrə müsabiqədə Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, eləcə də Odlar Yurdu Universitetinin tələbələri xüsusilə fəallıq göstərmişlər.
Xatırladaq ki, ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə bu layihəni 2004-2005 tədris ilindən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan yüzlərlə tələbə ARDNŞ-nin təqaüdlərinə layiq görülmüşdür. Qeyd edək ki, təqaüdün aylıq məbləği 70 manatdır.