“Ekologiya ili” çərçivəsində ARDNŞ-də növbəti iməcilik keçirilib
[06.03.2010]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir. Ölkənin hər yerində yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam etdirilir. Ölkəmizin hər yerində geniş vüsət alan bu cür ekoloji layihələrdə neftçilər də yaxından iştirak edirlər.
Martın 5-də ARDNŞ-nin idarə və müəssisələrinin kollektivləri neftlə çirklənmədən təmizlənmiş mədən ərazilərində, eləcə də digər müəssisələrinin istehsalat sahələrində yaşıllaşdırma tədbirlərini davam etdirmişlər. Belə ki, ARDNŞ-nin Ekologiya və Neft Kəmərləri İdarələrinin kollektivi “Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsinin ərazisindəki 3 nömrəli Ekoloji Ölçmə Məntəqəsinin sahəsində ümumilikdə 200-dən artıq ağac əkmişdir. Bundan başqa, Neft Kəmərləri İdarəsinin tərkibinə daxil olan müəssisələrin kollektivi də öz ərazilərində 500-dən çox ağac, 650-dən artıq qızılgül və dekorativ gül kolları əkmişlər. Həmin gün “Bibiheybətneft” NQÇİ-nin neftdən təmizlənmiş ərazisində 200, “Ə. Əmirov adına” NQÇİ-nin Lökbatan qəsəbəsi ərazisində isə 750 ağac əkilmişdir. Əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olaraq zeytun, küknar və şam ağaclarına üstünlük verilmişdir.
555
|