Kulevi terminalı AFRAMAX sinfinə aid tankerlərin qəbulu üçün icazə almışdır [05.02.2010]
ARDNŞ-nin Gürcüstandakı Kulevi Qara Dəniz Neft Terminalı neft və neft məhsullarının dünya bazarına çıxarıldığı vacib müəssisələrdəndir. Terminalın qəbul, yükləmə və s. sahələrdə imkanlarının genişləndirilməsi daim Şirkətin diqqət mərkəzindədir. Bu günlərdə Kulevi Qara dəniz Neft Terminalı AFRAMAX sinfinə aid tankerlərin qəbulu üçün Gürcüstanın İnkişaf və İnfrastruktur Nazirliyinin dəniz nəqliyyatı departamentindən rəsmi icazə almışdır. Eyni zamanda Terminal iki ədəd RDCP tipli ölçmə cihazı almışdır. Bu qurğu gəmilərin hərəkətinin idarə edilməsi üçün vacib olan məlumatların toplanması və işlənilməsində mühüm rol oynayacaq. Belə ki, müxtəlif dərinliklərdə axının sürəti, dalğanın hündürlüyü, suyun dərinliyi və temperaturu bu qurğu vasitəsi ilə müəyyənləşdirilir. Yeni qurğulardan biri yanalma körpüsünün 130 metrliyində quraşdırılıb ki, burada AFRAMAX tipli tankerlərin dayanması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, cihazın quraşdırılması bu tipli tankerlərin qəbulu üçün nəzərdə tutulmuş əsas şərtlərdəndir.